logo

Tələbələr "Azərsu" ASC-nin "Təqaüd proqramı"nın imkanlarından yararlanır


Yaradılıb: 05-08-2015 11:42

  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, əmək məhsuldarlığının artırılması, gənc mütəxəssislərin peşəkarlıq qabiliyyətinin yüksəldilməsi məqsədi ilə tədbirlər davam etdirilir. Səhmdar Cəmiyyətin  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təhsil və elm sahəsində birgə əməkdaşlığı bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

       “Azərsu” ASC ilə AzMİU arasında 2012-ci ildə imzalanmış təhsil, elm, ixtisasartırma, əmək məşğulluğu sahəsində əməkdaşlığa dair müqaviləyə uyğun olaraq hər il Səhmdar Cəmiyyət tərəfindən “Təqaüd proqramı” həyata keçirilir. Bu proqramda iştirak edən tələbələr müəyyən təhsil dövrü ərzində xüsusi təqaüdlərlə təmin olunurlar.

   Proqramın tələblərinə uyğun olaraq təqaüd almağa namizəd olanların siyahısı  ali təhsil müəssisəsi tərəfindən  təqdim olunur. Təqaüdçülərin seçilməsi ““Azərsu” ASC-nin təqaüd proqramının icrasının tənzimlənməsi ilə bağlı meyarlar çərçivəsində aparılır. Namizədlər seçilərkən, test üsulu ilə onların məntiqi təfəkkürü qiymətləndirilir, nəzəri bilikləri, həmçinin  informasiya və kommunikasiya texnologiyalarına yiyələnmə bacarıqları yoxlanılır.

   2015-ci il üçün “Təqaüd proqramı”nda iştirak etmək üçün AzMİU tərəfindən  32  namizəd təqdim edilmişdir. Test yoxlamasında iştirak edən tələbələr növbəti mərhələdə  Cəmiyyətdə təşkil edilmiş komissiya tərəfindən müsahibədən keçirilmişdir. Müsahibə zamanı tələbələrin nəzəri bilik və bacarıqları,  komandada işləmək qabiliyyətləri, müxtəlif səpkili məsələlərə yanaşma tərzi, situasiyalardan çıxma qabiliyyətləri və şəxsi keyfiyyətləri qiymətləndirilmişdir. Daha sonra test yoxlamasının  və müsahibənin  nəticələri üzrə ümumi qiymətləndirmə aparılmışdır. Yekun qiymətləndirmənin nəticələrinə görə müxtəlif ixtisaslarda təhsil alan  19 tələbə “Azərsu” ASC-nin təqaüdünü almağa layiq görülmüşdür.