logo

Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı


Yaradılıb: 31-07-2015 11:50

      Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin internet saytında 30 iyul 2015-ci il tarixdə yerləşdirilmiş “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir” (http://sehiyye.gov.az/main/1086-respublika-gigiyena-ve-epidemiologiya-merkezi-nezaret-tedbirlerini-heyata-kecirir.html) başlıqlı məlumat bəzi kütləvi informasiya vasitələrində təhrif olunmuş formada verilmişdir.  Həmin materiallarda  birinci və ikinci abzaslarında bəhs olunan məsələlər qarışdırıldığı üçün oxuculara çaşdırıcı məlumatlar verilmişdir.  Belə ki, bir sıra  mətbuat orqanları Səhiyyə Nazirliyinin yaydığı  məlumatın birinci abzasında göstərilənlərdən  çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayımlamışlar. Halbuki rəsmi məlumatın birinci hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunmuşdur və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbuat orqanlarında nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilmiş, bilavasitə içməli suyun  çirkli  olması məsələsi ilə əlaqələndirilmişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bir daha bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir. Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur.  Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər  obyektlərdən  götürülən su nümunələri  mütəmadi yoxlanılır.