logo

Regionlarda əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır


Yaradılıb: 24-07-2015 09:03

               

         “Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması layihələrinin icrasını uğurla davam etdirir.

      2015-ci ilin birinci yarısında Astara, Tərtər, Daşkəsən və Qobustan şəhərlərinin  içməli su və kanalizasiya  infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına  başlanılmışdır. Bununla da “Azərsu” ASC-nin sifarişi ilə su və kanalizasiya sistemləri yenidən qurulan şəhərlərin sayı 29-a çatmışdır. Bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilir.

Dövlət büdcəsindən maliyyələşən layihə çərçivəsində Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun birinci mərhələsinin inşası başa çatmış və şəhərə yeni mənbədən içməli suyun verilməsi təmin edilmişdir. Təmizləyici qurğunun ikinci mərhələsi istismara veriləndən sonra Mingəçevirlə yanaşı Yevlax şəhəri və ətraf kəndlər də bu mənbədən su alacaq. Eyni zamanda Mingəçevir şəhərində tikintisi nəzərdə tutulan 270 km su şəbəkəsinin 197 km-lik hissəsində işlər başa çatdırılmışdır. Hazırda  Mingəçevir şəhərində  tutumu 10 min kubmetr olan su anbarının, su və kanalizasiya  şəbəkələrinin tikintisi və sayğaclaşma işləri davam etdirilir. Çirkab suların idarə olunması məqsədi ilə  3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmişdir. Bunun nəticəsində Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınmışdır.

Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Şəmkirçay su mənbəyindən istifadə olunmasına başlanmışdır. Bu məqsədlə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xətti qısa müddətdə tikilərək istismara verilmiş və yeni mənbədən şəhərə suyun verilməsi təmin edilmişdir.

Ucar şəhərində içməli su şəbəkəsinin yenidən qurulması üzrə işlər  yekunlaşmış, şəhərdə 120 km şəhərdaxili şəbəkə yaradılmış, bütün abunəçilər smart sayğacla təmin olunmuş və bütün istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunmuşdur. Hazırda  tutumu 3000 kubmetr olan su anbarının və kanalizasiya şəbəkəsinin tikintisi  davam etdirilir.

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində  ümumi əhalisi 15 min nəfər  olan  Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin içməli su problemi  həll edilir. Hazırda həmin kəndlərdə  98 km uzunluğunda layihələndirilmiş su xətlərinin tikintisi, 3300-dən çox ev birləşmələrinin verilməsi və smart sayğacların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Artıq Göyşaban kəndinə içməli suyun verilməsi təmin edilmiş və hazırda kəndin 3500 sakini yeni şəbəkədən su alır.

Dövlət büdcəsi hesabına maliyyələşdirilən digər layihələr çərçivəsində 2015-ci ilin yanvar-iyun aylarında Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Kürdəmir və Qax şəhərlərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri davam etdirilir. Qeyd edək ki, Quba şəhərində layihənin icrası başa çatdırılmış, şəhərin içməli su və kanalizasiya sistemləri yenidən qurulmuşdur.

Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağdaş şəhərində sugötürücü qurğuların tikintisi ilə yanaşı, su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulması  və sayğaclaşma işlərinə start verilmişdir. Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün 2 yeni artezian quyusunun qazılmasına başlanılmışdır. Buna qədər isə 134 km   su şəbəkəsinin 126 km-lik hissəsi, 137 km-lik kanalizasiya şəbəkəsinin 121 km hissəsində işlər başa çatdırılmışdır. Layihənin növbəti mərhələsində Ağdaş şəhərində su və kanlizasiya şəbəkəsinin qalan hissəsinin inşası tamamlanacaq, çirkab sutəmizləyici qurğu tikiləcək və sayğaclaşma başa çatdırılacaq.

“Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tender elan edilmiş və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılacaqdır.

İslam İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində layihələrin icrası intensiv şəkildə həyata keçirilir. Gədəbəy şəhərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Südlübulaq  su mənbəyindən 14,8 km uzunluğunda magistral su kəmərinin, su anbarının,  79,4 km uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisi davam etdirilir. Xanbulançay dəryaçasının yaxınlığında tikilmiş sutəmizləyici qurğudan Astara şəhərinə 24,8 km uzunluğunda magistral su kəmərinin tikintisinə başlanılmışdır.

 

 

Almaniya İnkişaf Bankının (KFW bankı)   maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində şəhərin bir hissəsinin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması, anbarların tikintisi davam etdirilir.

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz və Qusar şəhərlərində layihələrin növbəti mərhələsinin icrasına başlanılmışdır. Bu mərhələ çərçivəsində həmin şəhərlərdə su təchizatı və kanalizasiya şəbəkələri yaradılacaqdır. 

 Dünya Bankının krediti hesabına icra edilən  “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində  Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası yekunlaşmaq üzrədir, eyni zamanda çirkab sutəmizləyici qurğunun tikintisinə başlanılmışdır.

2015-ci ilin yanvar-iyun aylarında şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılmasına diqqət artırılmışdır. Ötən dövrdə  içməli su çatışmazlığı  müşahidə edilən Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Beyləqan rayonlarının kənd və qəsəbələrində icra olunmuş su layihələri çərçivəsində ümumilikdə 20 mindən artıq insanın içməli su təchizatı yaxşılaşdırılmışdır.

Hesabat dövründə “Azərsu” ASC tərəfindən regionlarda 246 km su, 75 km kanalizasiya xətləri, 1 sutəmizləyici qurğu, 2 su anbarı tikilmiş, 2 subartezian quyusu qazılmış, 6 mindən çox smart sayğac quraşdırılmışdır. Görülmüş işlər nəticəsində bölgələrdə 80 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır. Yanvar-iyun aylarında 36 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunmuşdur. Hesabat dövründə 14 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilmiş, 30 min nəfərə isə içməli suyun verilmə rejimi nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmışdır.