logo

Tələbələr üçün “Yay məktəbi” təşkil olunmuşdur


Yaradılıb: 22-07-2015 09:19

          

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ali təhsil müəssisələri ilə  əməkdaşlığı çərçivəsində ənənəvi olaraq yay aylarında “Yay məktəbi proqramı”  təşkil olunur. Yay Məktəbi Proqramı” su təsərrüfatının müxtəlif sahələri üzrə tələbələrin nəzəri və praktiki biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, Səhmdar Cəmiyyətin kadr ehtiyatının formalaşdırılması, “Azərsu” ASC üçün əhəmiyyət kəsb edən ixtisaslar üzrə təhsilin stimullaşdırılması məqsədilə həyata keçirilir.  

2015-ci  ilin iyul ayından növbəti  “Yay məktəbi proqramı”na start verilmişdir.  İki  ay davam edəcək proqramda Bakı Dövlət Universitetinin  hidrologiya mühəndisliyi və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisası üzrə təhsil alan 25 tələbəsi iştirak edir.

Proqram müddətində tələbələr “Azərsu” ASC-nin müəssisə və təşkilatlarında istehsalat prosesləri ilə əyani tanış olmaq imkanı qazanacaqlar.  Səhmdar Cəmiyyətin mütəxəssislərinin iştirakı ilə tələbələrin "Oğuz-Qəbələ-Bakı" Su Kəməri İdarəsi, "Ceyranbatan Su Kəmərləri" İdarəsi, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu, Hövsan Aerasiya Stansiyası, Mərkəzi Laboratoriya  və digər müəssisələrə səfərləri təşkil olunacaq. Səfər müddətində tələbələr bu müəssisələrdə içməli suyun qəbulu, təmizlənməsi, nəqli, çirkab sutəmizləyici qurğuların istismarı, içməli və tullantı suların fiziki-kimyəvi analizlərinin aparılması prosesləri ilə əyani tanış olmaq imkanı qazanacaqlar.  “Azərsu” ASC-nin idarə və müəssisələri, hidrotexniki qurğuları ilə tanışlıq tələbələrə bilik və təcrübələrini artırmağa şərait yaradacaq, qazanılan təcrübə gələcək əmək fəaliyyətində böyük rol oynayacaqdır.