logo

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir


Yaradılıb: 14-07-2015 05:18

   

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

Dövlət başçısı  çıxış edərək bildirmişdir ki, 6 ayda  Azərbaycan uğurla inkişaf etmiş,   iqtisadiyyatda  5,7 faiz artım qeydə alınmışdır. Ötən dövrdə qeyri-neft sektoru  9,2 faiz, sənaye istehsalı 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Kənd təsərrüfatında  7,3 faiz artım qeydə alınmışdır ki, bu da son illər ərzində ən yüksək artım tempidir. Birinci yarımillikdə inflyasiya  3,5 faiz təşkil etdiyi halda , əhalinin pul gəlirləri 6,2 faiz artmışdır. 6 ayda ölkə iqtisadiyyatına 12,7 milyard manat sərmayə qoyulmuş, 60 minə yaxın yeni iş yeri açılmışdır.

Maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin 6 ayının yekunlarına dair məruzələrlə çıxış etmişlər.

 Prezident İlham Əliyev yekun nitqində ilin sonuna qədər iqtisadi artımın yüksək templərinin və makroiqtisadi sabitliyin saxlanması, dövlət investisiya proqramının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsinin vacibliyini bildirmişdir.  Bölgələrin qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev bu layihələrin tam icrası məqsədilə müvafiq vəsaitin ayrılacağını da diqqətə çatdırmışdır: İçməli su-kanalizasiya layihələri bir çox rayonlarda artıq başa çatıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur. Bu məqsədlə bu il İnvestisiya Proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulub. Ancaq hesab edirəm ki, ilin sonuna qədər əlavə vəsait ayrılmalıdır. Müvafiq göstərişlər verilib, həm Bakıda, həm də digər şəhər və rayonlarımızda bu işlər aparılmalıdır. 

       Son illər ərzində görülən tədbirlər nəticəsində Bakıda içməli su ilə dayanıqlı, yəni, fasiləsiz təminat əhalinin 78 faizini əhatə edir. Əlbəttə, əvvəlki dövrlə müqayisə etsək, bu, yaxşı göstəricidir. Ancaq bu göstərici bizi heç cür qane edə bilməz. Bakı kimi gözəl, müasir şəhərdə 100 faiz təminat olmalıdır, 24 saat içməli su olmalıdır. Bu, çox ağır məsələdir, çünki burada həm böyük investisiyalar olmalıdır, həm də texniki məsələlər kifayət qədər mürəkkəbdir. Əlbəttə, investisiyalar ayrılır, texniki məsələlər də öz həllini tapır və çalışmalıyıq ki, biz Bakını içməli su ilə tam şəkildə təmin edək. Bütün bölgələr üzrə hər bir rayon üçün xüsusi layihə var. Dediyim kimi, bir çox rayonlarda başa çatıb, bəzi yerlərdə davam edir, yaxud da ki, hazırlıq işləri aparılır”. 

      İçməli su ilə təminat əlbəttə ki, ilk növbədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Ancaq bununla bərabər qeyd etməliyəm ki, digər qurumlar da bu işlərlə məşğuldurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırır. Məndə olan məlumata görə, bu il 90 min əhali təmin olunub, 48 məntəqədə qurğular quraşdırılıb, proqramın əvvəlindən isə 530 min insan çaylar boyu yerləşən kəndlərdə artıq bu qurğulardan istifadə edir. Bu proses davam etdirilməlidir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə subartezian quyularının qazılması davam edir. Hər il Prezidentin Ehtiyat Fondundan xüsusi vəsait ayrılır, bu barədə sərəncam mətbuatda dərc edilir və o sərəncamda həm kənd əhalisinin bunu bilməsi, eyni zamanda, nəzarət üçün bütün kəndlərin adları göstərilir. Bu il kəndlərdə 300 quyu qazılmalıdır. Onlardan 170-i artıq qazılıbdır və bu proqram artıq 630 min insanı əhatə edir. Beləliklə, “Azərsu” ilə bərabər, ekologiya və meliorasiya qurumları 1 milyon 160 min insanı təmiz içməli su ilə təmin ediblər. Bu, çox ciddi sosial məsələdir. İlk növbədə, sosial məsələdir, yəni buna ayrılan vəsait heç vaxt dövlət büdcəsinə qayıtmayacaq. Çünki bizdə suyun qiyməti çox aşağıdır. Ancaq biz bunu insanların sağlamlığı, normal yaşaması üçün edirik və etməliyik”.

    Prezident İlham Əliyev qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ölkədə vergi daxilolmalarının tam təmin edilməsi, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışmış, yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirmişdir.  İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağını deyən Prezident İlham Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini, birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axınının daha da sürətləndiyini qeyd etmiş, turistlərə vizaların verilməsinin tezləşdirilməsi, aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması ilə bağlı tapşırıqlarını vermişdir.