logo

Daşkəsən şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməli qoyulmuşdur


Yaradılıb: 18-05-2015 09:59

             

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Daşkəsən şəhərinin içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlamışdır. Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinə başlanılması münasibəti ilə təməlqoyma mərasimi keçirilmişdir.

Təməlqoyma mərasimində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini  bildirmişdir: “Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Daşkəsəndə böyük inkişaf müşahidə olunur. Yeni yollar, qaz xətləri çəkilir, məktəblər tikilir və təmir olunur. Bu gündən isə su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılır. Bu layihənin həyata keçirilməsi Kiçik Qafqaz sıra dağlarının yüksəkliklərində yerləşən Daşkəsən əhalisinin fasiləsiz, ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmasına, həmçinin Qoşqar çayına axıdılan çirkab sularının qarşısının alınmasına imkan verəcəkdir”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Ölkə başçısının respublikanın hər bir yaşayış məntəqəsinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Cənab Prezidentin diqqət və qayğısı sayəsində “Azərsu” ASC-nin sifarişi ilə 29, ümumilikdə isə 43 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunur. 2015-ci ildə daha bir neçə şəhərdə işlərə başlamağı planlaşdırırıq. Bu gün işlərə başladığımız Daşkəsən şəhərinin böyük turizm potensialı vardır və bu layihə rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir”.

                                            

   Daha sonra Daşkəsən şəhərində su anbarının tikintisinə başlanılması ilə layihənin icrasına start verilmişdir.

  Daşkəsən şəhərinin içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Bu layihə çərçivəsində  gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaqdır.

Daşkəsən şəhəri, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilmişdir. Layihəyə uyğun olaraq su mənbələrindən Daşkəsən şəhərinə 20 km uzunluğunda magistral kəmər çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla hündür ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4 ədəd  su anbarı tikiləcək və 3 ədəd nasos stansiyası quraşdırılacaqdır. Daşkəsən şəhərində 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə  veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaqdır.

Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 13,5 km uzunluğunda kanalizasiya xətti, 410 ədəd kanalizasiya quyusu tikiləcək, 2560 ev birləşməsi veriləcəkdir. Daşkəsən şəhərində yaranan tullantı suların təmizlənib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-60-cı illərdə yaradılmışdır. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmir və istismara yararsız vəziyyətdədir. “Azərsu” ASC hazırda şəhərin 11 min sakinindən 4770 nəfərinə və ya təqribən 43 faizinə xidmət göstərir. Şəhər əhalisinə su 1-2 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir.  Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi mövcud deyil.