logo

Tərtər şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılmışdır


Yaradılıb: 18-05-2015 07:15

             

Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Tərtər  şəhərinin içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanmışdır. Tərtər şəhərində keçirilmiş təməlqoyma mərasimi ilə tikinti-quraşdırma işlərinə start verilmişdir.

Təməlqoyma mərasimində çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu əlamətdar hadisə münasibəti ilə rayon sakinlərini təbrik etmiş, icrasına yeni başlanan layihənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır: “Cəbhə bölgəsində yerləşən rayonumuz möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Su təchizatı və kanalizasiya sistemlərinin təməlini  qoyulması ilə tərtərlilərin ən böyük arzularından biri gerçəkliyə çevrilir. Əminik ki, layihənin icrası operativ həyata keçiriləcək, şəhər əhalisi ilə yanaşı, ətraf kəndlərimizin sakinləri də keyfiyyətli içməli su ilə təmin olunacaqlar”.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək təmas xəttində düşmən mövqelərinə yaxın ərazidə yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu, bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulamışdır: “Cəbhə bölgəsində yerləşən Tərtər şəhərinin su təchizatının yaxşılaşdırılması həmişə aktual olmuşdur. Məlum olduğu kimi, bu bölgənin məhsuldar su mənbələri işğal altında olduğundan rayon sakinləri istər içməli su, istərsə də suvarma suyu ilə təminat baxımından çətinliklərlə  qarşılaşırlar. Buna görə də rayon mərkəzini və ətraf kəndləri yeraltı su mənbələri hesabına içməli su ilə təmin etmək qərara alınmışdır. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sərhəd rayonlarının kommunal infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verilir və çalışacağıq ki, tikinti işləri intensiv qaydada həyata keçirilsin.  Ümidvarıq ki tərtərlilər tezliklə bu layihənin imkanlarından faydalanacaqdır ”.

 Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev düşmənin bir addımlığında yaşayan tərtərlilərin uzun illərdir içməli su sarıdan əziyyət çəkdiyini vurğulamış, sakinlər adından Prezident İlham Əliyevə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını bildirmişdir.  

 

        

  Daha sonra ilk borunun xəndəyə endirilməsi ilə Tərtər şəhərində içməli su və kanalizasiya layihəsinin təməli qoyulmuşdur.

       Qeyd edək ki, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaqdır.

   Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması layihələndirilmişdir. Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu  5000 kubmetr olan 2 su anbarı tikiləcəkdir. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq, 2959 ünvana birləşmə veriləcək və hər bir abonent smart-kart sayğacla təmin olunacaqdır.

  Layihəyə uyğun olaraq Tərtər  şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvana birləşmə veriləcəkdir. Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru  inşa ediləcəkdir. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir.

   Tikinti-quraşdırma işlərinin  2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

  Yeri gəlmişkən, Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılmışdır. “Azərsu” ASC hazırda şəhərin 19 min sakinindən 11 min nəfərinə və ya təqribən 58 faizinə xidmət göstərir. Şəhər əhalisinə içməli su gündəlik  8 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir.Tərtər şəhərində kanalizasiya sistemi mövcud deyil.

"Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi" çərçivəsində  Astara, Daşkəsən, Gədəbəy, Tərtər, Samux və Qazax şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması nəzərdə tutulur. Artıq Gədəbəy, Astara, Daşkəsən və Tərtər şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılmış,  Qazax və Samux şəhərlərində layihənin icrasına hazırlıq görülür.