logo

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mini-futbol turniri keçirilmişdir


Yaradılıb: 10-05-2015 06:24

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Azərsu” ASC-nin idarə və  müəssisələri arasında mini-futbol turniri keçirilmişdir.

Turnirin açılış mərasimdə çıxış edən “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti,   Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışmış, dahi şəxsiyyətin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına  diqqət və qayğı ilə yanaşdığını qeyd etmişdir: “Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı ümummilli lider Heydər Əliyevin diqqətdə saxladığı məsələlərdən olmuşdur. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görmüşdür. Müstəqillik dövründə ümummilli liderin hakimiyyətə qayıdışından sonra bu sahəyə diqqət artmış, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində idmanın inkişafında yeni mərhələ başlanmışdır. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər. Təxminən bir ay sonra keçiriləcək Birinci Avropa Oyunlarına ölkəmizdə yüksək səviyyədə hazırlıq görülür və əminik ki bu mötəbər tədbir idman tarixinə qızıl hərflərlə yazılacaqdır”.

Mini-futbol turnirində Səhmdar Cəmiyyətin  idarə və təşkilatlarının 12 komandası,  ümumilikdə 120 nəfər iştirak etmişdir. Mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günü turnirin final oyunu keçirilmişdir.  Yarışın qalibi adı uğrunda Bağlar və Sabunçu rayon sukanal idarələrinin komandaları qarşılaşmış, Bağlar sukanal idarəsinin kollektivi sonuncu oyunda da qalib gələrək  I yeri tutmuşdur. II və III yerlərə isə müvafiq olaraq Sabunçu və  Xətai rayon sukanal  idarələrinin  komandaları layiq görülmüşdür.

Bakı Sukanal Müəssisələri Həmkarlar İttifaqları Bakı şəhər Komitəsi turnirdə ilk 3 yeri tutan komandaları və yarışda fərqlənən iştirakçıları mükafatlandırmışdır.