logo

“Gənclər Klubu”nun üzvləri "Heydər zirvəsi"nə yürüş etmişlər


Yaradılıb: 09-05-2015 09:44

                

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüş uğurla başa çatmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi yürüşdə “Azərsu” ASC-də yaradılmış  “Gənclər Klubu”nun üzvləri də iştirak etmişlər.

 Nazirliyin Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə cəmiyyətin əməkdaşları  Bəxtiyar Quliyev, Nemət Səfərov, Orxan Nadirov, Fuad Cavadzadə, Şəhla Əmirova, Sədaqət Əliyeva, Orxan Xəlilov mayın 8-9-da "Heydər zirvəsi"nə yürüş etmişlər.

Təşkilat Komitəsi tərəfindən aksiyanın mütəşəkkilliyi təmin olunmuş, o cümlədən yürüş marşrutu müəyyənləşdirilmiş, marşrut üzərində tam təchizatlandırılmış çadırlardan düşərgə qurulmuş, çətin relyef və iqlim şəraiti olan dağlarda insanların təhlükəsizliyi təmin edilərək yürüşlərin yüksək səviyyədə təşkilinə nail olunmuşdur.

“Azərsu” ASC-dən olan yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra zirvəyə qalxmış, Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək dövlət bayrağını dalğalandırmışlar.            

Yürüşdə iştirak etmiş “Azərsu” ASC-nin əməkdaşları Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunmuşlar.

      

Mayın 8-də  “Gənclər Klubu”nun üzvləri Yasamal rayon Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər. Klub üzvləri  dünya şöhrətli siyasi xadim haqqında filmə tamaşa etmiş, ümummilli liderin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablarla tanış olmuşlar.