logo

Qobustan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılmışdır


Yaradılıb: 12-05-2015 08:41

             

Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qobustan şəhərinin  içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanmışdır. Mayın 10-da Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilmişdir. Tədbirdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
          Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Qobustan şəhərində işlərə başlanması xoş bir günə - böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə təsadüf edir: “Heydər Əliyev strategiyasının  layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin dayanıqlı  və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur ki, bunların 40-da tikinti  işlərinə başlanılmışdır. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün “Azərsu” ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Cənab Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını vermişdir. Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılmış, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilmiş, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmər çəkilmişdir. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilmişdir Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaqdır. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırsın”. 

 Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmişdir: “Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Qobustanda böyük quruculuq-abadlıq işləri görülür. Rayon əhalisinin kommunal problemlərinin həllinə xüsusi diqqət yetirilir. Xüsusi vurğulamaq istəyirəm ki, 2012-ci ildə Təsi kəndində qazılmış quyulardan şəhərə suyun verilməsi ötən yay müşahidə olunan quraqlıqda yarana biləcək su çatışmazlığının qarşısını aldı. Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına yönəlmiş bu layihənin icrasına görə şəhər sakinləri adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

 

     

 

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf  nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcəkdir.

Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur.

Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcəkdir. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur.

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaqdır. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2875 ünvana birləşmə veriləcəkdir. Qobustan şəhərində tullantı  suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan çirkab sutəmizləyici qurğuda həyata keçiriləcəkdir.

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Qobustan şəhərinin 42 km uzunluğunda mövcud su şəbəkəsi şəhəri tam əhatə etmir  və istismar tələblərinə cavab vermir. “Azərsu” ASC 8700 nəfər əhalisi olan şəhərin cəmi 1700 sakininə və ya təqribən 20 faizinə xidmət edir, əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyir.  Qobustan şəhərində kanalizasiya sistemi mövcud deyil.