logo

“Su və çirkab su siyirtmələri” mövzusunda seminar keçirilmişdir


Yaradılıb: 07-05-2015 10:44

           

5-6 may 2015-ci il tarixlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətində  Almaniya Federativ Respublikasının “Vag Armaturen GmbH” şirkətinin mütəxəssisləri tərəfindən  “Su və çirkab su siyirtmələri” mövzusunda seminar keçirilmişdir.

“Azərsu” ASC Almaniyanın “Vag Armaturen GmbH” şirkəti ilə 2010-cu ildən əməkdaşlıq edir. Alman şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı siyirtmələr Oğuz-Qəbələ Bakı magistral su kəmərində uğurla istifadə olunmaqdadır. İkigünlük seminarın keçirilməsində məqsəd  həmin avadanlıqların istismarı zamanı yaranan və yarana  biləcək problemlərin vaxtında qarşısının alınması olmuşdur.

Seminara “Azərsu” ASC-nin müvafiq şöbələrinin  və “Oğuz-Qəbələ-Bakı” Su Kəməri İdarəsinin mütəxəssisləri cəlb edilmişdir.  Seminar “Vag Armaturen GmbH” şirkətinin Avropa və Şimali Afrika üzrə satış direktoru Jochen Endres və şirkətin Türkiyə üzrə təmsilçisi Ediz Tatar tərəfindən aparılmışdır. Tədbirdə  Almaniya şirkəti tərəfindən istehsal olunan ikitaylı siyirtmələr, əks klapanlar, hidrantlar, plunjer, sürgülü və kəpənək tipli siyirtmələr, vantuzlar və s. məhsullar haqqında təqdimatlar olunmuşdur. Tədbir iştirakçıları belə seminarların istehsalat proseslərində müsbət nəticələrin verdiyini bildirmişlər.

Seminarın ikinci günü iştirakçılar  “Oğuz-Qəbələ-Bakı” Su Kəməri İdarəsində olmuş, burada istifadə edilən  vantuz və  plunjer tipli siyirtmələrə yerində baxış keçirmişlər.