logo

"Azərsu" ASC-də qanvermə aksiyası keçirilmişdir


Yaradılıb: 05-05-2015 09:33

         

   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə  genişmiqyaslı qanvermə aksiyaları keçirilir. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə mühüm layihələr həyata keçirir.  

     İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilməsi artıq  ənənə halını almışdır.   Mayın 5-də keçirilmiş növbəti qanvermə aksiyasında “Azərsu”ASC-nin əməkdaşları yaxından iştirak etmişdir.

     Tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulmuş, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait yaradılmışdır. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun   Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılmışdır. Müayinə nəticəsində sağlamlığı qan götürməyə  imkan  verən şəxslər müəyyənləşdirilmişdir.

Ümumilikdə aksiyada “Azərsu” ASC-nin İdarə Aparatının  100-dən çox  əməkdaşı iştirak etmişdir.  Donorlar  qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırılmış, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları bildirmişlər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan həm talassemiyalı, həm də hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaqdır.

Növbəti günlərdə “Azərsu” ASC-nin yerli idarə və müəssisələrində də qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulur.