logo

Mütəxəssislər Çin təcrübəsi ilə tanış olmuşlar


Yaradılıb: 04-05-2015 06:25

      
  “Azərsu” ASC ilə Fransanın Suez Environnement şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində Səhmdar Cəmiyyətin mütəxəssislərindən ibarət nümayəndə heyəti 20-25 aprel 2015-ci il tarixlərində Çin Xalq Respublikasında tədris ekspedisiyasında olmuşlar. Tədris ekspedisiya qrupuna “Azərsu” ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin, Təlim-Tədris Mərkəzi və insan resursları üzrə struktur bölmələrinin əməkdaşları daxil edilmişdir.

  Səfər müddətində “Azərsu” ASC-nin mütəxəssisləri Çinin Makao və Çongqing su şirkətlərində, Pilar Point  və Tangjiato Çirkab Su Təmizləmə şirkətlərində və Şanxay Kimya Sənaye Parkında ekspedisiyada olmuş, həmin müəssisələrin istehsalat sahələri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər. Mütəxəssislərə içməli su və kanalizasiya sistemlərinin idarə olunması, su şirkətlərinin menecment prinsipləri, zəng mərkəzinin fəaliyyəti, laboratoriyalarda işin təşkili, çirkab su təmizləmə qurğularının idarə olunması, SCADA sistemləri barədə ətraflı məlumat verilmişdir. “Azərsu” ASC-nin əməkdaşları  həmin müəssisələrdə təlim-tədris işinin təşkili, işə qəbul, sənədləşmə, əmək haqqı sistemləri, dərəcələndirmə proseduru və digər zəruri sahələrin iş prinsipləri və idarəetmə metodologiyaları ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi aparmışlar.

  Ekspedisiya müddətində qazanılmış təcrübənin Cəmiyyətin aidiyyəti struktur bölmələrinin işçiləri ilə bölüşmək məqsədi ilə yaxın günlərdə təqdimatın keçirilməsi planlaşdırılır.