logo

"Azərsu" ASC-də Yaponiya nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 01-05-2015 09:55

              

Mayın  1-də  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm  nazirinin müavini Keniçiro Uenonun başçılıq etdiyi nümayəndə  heyəti  ilə görüş keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanda həyata keçirilən  infrastruktur layihələrinə Yaponiya hökuməti və şirkətləri böyük maraq göstərir. Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi yaxından iştirak edir: “Prezident İlham Əliyev ölkə əhalisinin  içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirmişdir. Hazırda “Azərsu” ASC tərəfindən respublikanın 26 şəhər və rayon mərkəsində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır. Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində işlər Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi” çərçivəsində uğurla davam etdirilir. Bu layihəyə uyğun olaraq yaxın günlərdə daha bir rayon mərkəzində - Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılacaqdır”.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm  nazirinin müavini Keniçiro Ueno Azərbaycanın iqtisadi uğurlarını yüksək qiymətləndirmiş və Yaponiya hökuməti və şirkətlərinin ölkəmizdə infrastruktur sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirmişdir.

Görüşdə  “Azərsu” ASC  ilə Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi arasında gələcək inkişaf perspektivi ilə bağlı təkliflərin ətraflı müzakirə edilmiş,  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya  layihəsi”nin icra vəziyyəti və perspektiv planlarla bağlı fikir mübadiləsi aparılmışdır.

 Qeyd edək ki, Azərbaycan  hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzində - Qusar, Xaçmaz, Xızı, Naftalan, Qobustan  şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması Yaponiya Hökumətinin ayırdığı kredit hesabına reallaşdırılır. Ümumilikdə, bu layihədən 200 mindən artıq insan faydalanacaqdır.