logo

"Azərsu" ASC-nin 4 müəssisəsi sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə keçirilmiş müsabiqənin qalibi olmuşdur


Yaradılıb: 28-04-2015 11:30

         

28 aprel - Ümumdünya əməyin mühafizəsi günü münasibəti ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsi yekunlaşmışdır. Aprelin 27-də AHİK-də qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. 

AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev sıxış edərək bildirmişdir ki, müsabiqədə respublika üzrə müxtəlif fəaliyyət sahələrini təmsil edən 1650-dən çox  müəssisə və təşkilat iştirak etmişdir. Müsabiqə komissiyası  tərəfindən 135-dən çox müəssisənin namizədliyi İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılmışdır. 20 sahə  həmkarlar ittifaqını təmsil edən 39 müəssisə və təşkilat daim yüksək göstəricilərə nail olduğuna görə müsabiqənin qalibi elan olunmuşdur.

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” Respublika müsabiqəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 4 müəssisəsi - Nəqliyyat və Xüsusi Texnika İdarəsi, “Sutikinti” Müəssisəsi, “Ceyranbatan Su kəmərləri” İdarəsi, “Oğuz-Qəbələ-Bakı Su kəməri” idarəsi də 39 təşkilat sırasında olmuşdur. Həmin müəssisələrdə işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş  şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi,  istehsalatda bədbəxt hadisələrin baş  verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunması sahəsindəki işlər yüksək qiymətləndirilmişdir.  

    Tədbirin sonunda müsabiqənin qaliblərinə AHİK-in diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.