logo

“Azərsu” ASC ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında Niyyət Sazişi imzalanmışdır


Yaradılıb: 23-04-2015 08:27

          

Aprelin 22-də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi  imzalanmışdır.

İmzalanma mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə rəhbərliyi tərəfindən  Azərbaycan elminin inkişafına göstərilən diqqət və qayğıdan danışmış və qeyd etmişdir ki, son illər müxtəlif sahələrdə həyata keçirilən innovativ elmi-tədqiqat işləri, elm və təhsil müəssisələri ilə istehsalat təşkilatları arasında əməkdaşlıq real nəticələr verməkdədir. Akademik A.Əlizadə ölkəmizdə su problemlərinin araşdırılması, həlli yolları və bu istiqamətdə texnologiyaların işlənib hazırlanması, həmçinin tətbiqi üzrə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirmişdir: “Son illər əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması, eləcə də kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində  böyük işlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası olaraq biz də bu işlərə öz töhfəmizi vermək niyyətindəyik. “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi akademiya ilə “Azərsu” ASC arasında birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcəkdir”. 

   

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində görülən işlər barədə məlumat verərək bildirmişdir ki, Bakı şəhəri və ətraf qəsəbələrdə, ölkənin şəhər və rayon mərkəzlərində layihələr icra olunur. Layihələrin keyfiyyətli icrasını və bu sahədə qabaqcıl texnologiyalardan istifadəni nəzərə alaraq AMEA-ilə əməkdaşlığın geniş perspektivləri vardır: “Gələcək fəaliyyətimizdə Azərbaycan Milli Elmlər Akademiyasının potensialından istifadə etmək niyyətindəyik.  Bu gün texnologiya sürətlə inkişaf edir və bu texnologiyaların özəyində elmi əsaslar dayanır. Hesab edirəm ki, birgə əməkdaşlıq elmi-tədqiqat işlərinin aparılması, innovativ layihələrin həyata keçirilməsi, tədqiqat işlərinin istehsalata tətbiqi baxımından əhəmiyyətli olacaqdır”.

    Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında “Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi  imzalanmışdır.  Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov imzalamışlar.

                                  

“Elm və innovasiyaların tətbiqi sahəsində birgə fəaliyyətə dair” Niyyət Sazişi aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılmasını, su təsərrüfatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması və istismarı sahəsində elmi-tədqiqat işlərinin aparılmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, qlobal iqlim dəyişmələrinin su ehtiyatlarına, ekologiyaya təsilərinin qarşısının alınması məqsədi ilə tədqiqat işlərinin aparılmasını, kadr potensialının nəzəri və praktiki bilik səviyyəsinin yüksəldilməsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində magistr, doktorant və gənc mütəxəssislər üçün birgə proqramların hazırlanması, elmi tədbirlərin keçirilməsi, elmi əsərlərin  nəşri, xarici ölkələrin elmi mərkəzləri ilə faydalı əlaqələrin yaradılması planlaşdırılır. Gələcəkdə  su təsərrüfatının tarixini əks etdirən Su Muzeyinin yaradılması baxımından  AMEA ilə əməkdaşlığın böyük faydası olacaqdır.