logo

İctimai Maarifləndirmə Proqramının icrasına başlanılmışdır


Yaradılıb: 17-04-2015 08:18

                                   

Azərbaycan Respublikası Höküməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı- Layihə 2”  çərçivəsində İctimai Maarifləndirmə  Proqramının icrasına başlanılmışdır. “Su, Sanitariya və Gigiyenaya dair ictimai Maarifləndirmə və Təşviqat”  proqramı “Azərsu” ASC və “UNİCEF-Azərbaycan” arasında bağlanmış müqaviləyə əsasən Ağdaş, Beyləqan və Ağcabədi rayonlarının ümumtəhsil məktəblərində keçirilir.

Proqramın icrasında məqsəd ümumtəhsil məktəblərində şagirdlərin su, gigiyena və sanitariya sahəsində   biliklərinin artırılmasıdır. Proqram çərçivəsində müxtəlif sosial tədbirlərin, o cümlədən hər bir məktəbdə Forum Teatrların keçirilməsi nəzərdə tutulmuşdur. Forum Teatrlar ilk olaraq Ağdaş və Beyləqan rayonlarında təşkil olunmuş, daha sonra Ağcabədi rayonunun 11 şəhər məktəbində keçirilmişdir.

“Su, Sanitariya və Gigiyenaya dair İctimai Maarifləndirmə və Təşviqat” proqramı çərçivəsində Beyləqan şəhər 5 və 6 saylı tam orta məktəblərində keçirilən tədbirlərdə şagirdlərə proqram haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, layihənin əsas məqsədi məktəblərdə uşaq və gənclərin sanitar-gigiyenik təhsilinin və bu sahədə vərdişlərinin artırılmasından, məktəblərdə sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir. Forum Teatrlarda müxtəlif ssenarilər əsasında səhnəciklər göstərən, şerlər söyləyən şagirdlər sağlam həyatın və sağlam gəncliyin qorunması üçün gigiyenik qaydalara riayət etməyin vacib olduğunu bir daha xatırlatmışlar.

 Layihə çərçivəsində Ağdaş, Ağcabədi və Beyləqan rayonlarının 27  məktəbində belə tədbirlərin keçirilməsi planlaşdırılır. Ümumilikdə İctimai Maarifləndirmə Proqramından 150 müəllim və 2000 uşaq faydalanacaq, eyni zamanda  5000 qadın arasında maarifləndirmə işləri aparılacaqdır.