logo

Gəncə şəhərində 20 min sakinin içməli su təchhizatı yaxşılaşdırılmışdır


Yaradılıb: 16-04-2015 08:28

                                                 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  yaşayış məntəqələrinin içməli su təchizatının  yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Uzun müddətdir içməli su probleminin müşahidə olunduğu Gəncə şəhərinin Aydın Nağıyev, Cavadxan  küçəsində həyata keçirilən layihənin icrası başa çatmışdır.

Layihə çərçivəsində abunəçilərin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Xan bağı ərazisində subartezian quyusu qazılmış, 1 ədəd yeni ESV 10-65-110 markalı nasos quraşdırılaraq istifadəyə verilmişdir. Bununla da A.Nağıyev, Pərviz Səmədov (1-ci döngə) və Cavadxan küçələrində  yaşayan  20 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılmışdır. Eyni zamanda bağ ərazisinin suvarılması üçün əlverişli imkan yaradılmışdır.

Qeyd edək ki, Gəncə şəhəri A.Nağıyev, P.Səmədov və Cavadxan küçələrinə içməli su günaşırı 1 saat olmaqla  verilirdi. Yeni subartezian quyusunun istismara verilməsindən sonra suyun verilişi gündəlik rejimə keçirilmişdir.

Hazırda Gəncə şəhərinə içməli su Qızılqaya, Göygöl mənbələrindən, həmçinin kəhriz və subartezian quyulardan verilir. Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilən Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası tam başa çatdırıldıqdan sonra hazırda istismarda olan  194 ədəd subartezian quyusunun əksəriyyətinin fəaliyyəti dayandırılacaqdır.  Yeni layihə çərçivəsində  Qızılqaya, Göygöl və Şəmkirçay mənbələri hesabına şəhərin içməli suya olan tələbatı tam ödəniləcəkdir.