logo

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir


Yaradılıb: 11-04-2015 04:09

                 

       Aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki,  Azərbaycanda dinamik inkişaf təmin edilir, son 3 ayda qeyri-neft sektoru 7 faiz, sənaye istehsalı 4 faiz, kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev bildirmişdir ki,  dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi  ümumi dinamik inkişafa təsir etməmişdir. Ölkədə inflyasiya aşağı səviyyədə olmuş, istehlak bazarına tam nəzarət edilmiş, əhalinin pul gəlirləri 5,3 faiz armışdır.

Birinci rübdə 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirmişdir ki, ölkədə sosial məsələlərin həlli diqqət mərkəzindədir. Dövlət başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulamış, həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etmişlər.
    Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin, hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdırmışdır. Dövlət başçısı manatın məzənnəsi ilə bağlı məsələyə də toxunmuş, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu demişdir.

Prezident İlham Əliyev içməli su ilə təminatın yaxşılaşdırılması istiqamətində görülən işlərin əhali tərəfindən müsbət qarşılandığını vurğulamışdır: Bölgələrdə insanları içməli su ilə təmin etmək üçün təmizləyici qurğular yaradılır. Biz içməli su problemini həll etmək üçün üç istiqamətdən istifadə edirik. İlk növbədə, “Azərsu” tərəfindən icra edilən layihələr. Burada da bir neçə şəhərdə artıq içməli su layihəsi başa çatıbdır və bu proses gedir, əhali tərəfindən də çox gözəl qarşılanır. Eyni zamanda, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti bu işləri görür. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırır. Bu günə qədər çaylar boyu, xüsusilə Kür, Araz çayları boyu yerləşən kəndlərdə 480 min əhali artıq təmiz içməli su ilə təmin edilmişdir. 292 kənddə müasir təmizləyici qurğular quraşdırılmışdır. Bu vaxta qədər onlar suyu çaydan götürürdülər, duruldurdular, yaxud da ki, kanallardan su içirdilər. Bu, insanların sağlamlığına mənfi təsir göstərirdi. Hazırda 28 kənddə işlər gedir, təmizləyici qurğular quraşdırılır. Bu kəndlərdə 51 min insan yaşayır. Hesab edirəm ki, bu işlər bu ilin sonuna qədər tamamlanmalıdır. Beləliklə, 530 min insan ancaq bu təmizləyici qurğular hesabına içməli su ilə təmin ediləcəkdir”.

       Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu diqqətə çatdırmışdır.