logo

"Azərsu" ASC-nin nümayəndə heyəti Dünya Su Forumunun hazırlıq iclasında iştirak etmişdir


Yaradılıb: 30-03-2015 10:28

 

                                                                         

   23-24 mart 2015-ci il tarixlərində Parisdə, UNESCO-nun mənzil qərargahında 7-ci  Dünya Su Forumuna son hazırlıq iclası keçirilmişdir. 100-dən çox ölkədən  nümayəndələrin qatıldığı iclasda 12-17 aprel 2015-ci il tarixlərində   Koreya Respublikasının Daegu və Gyeoungju şəhərlərində keçirilməsi nəzərdə tutulan 7-ci Dünya Su forumuna hazırlıqla bağlı müzakirələr aparılmışdır. Tədbirdə  Azərbaycanı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

     Hazırlıq iclası çərçivəsində “Hamı üçün su təhlükəsizliyi”, “Hamı üçün adekvat təhlükəsiz su və sanitariya”, “İnkişaf və tərəqqi üçün su”, “Dayanıqlılıq üçün su: İnsan və təbiətin harmonizasiyası”, “Mümkün icra mexanizmlərinin yaradılması”, “Elm və texnologiya” mövzularında ətraflı müzakirələr aparılmışdır. Həmçinin 13 aprel 2015-ci il tarixində keçirilməsi nəzərdə tutulan Nazirlər Konfrasında  7-ci Dünya Su Forumunun Layihə bəyanatı və  Daegu-Gyeoungju nazirlərə tövsiyələr adlı sənədlərin hazırlanması işləri yekunlaşdırılmışdır.

Müzakirələrdə “Azərsu” ASC-nin nümayəndə heyəti aktiv iştirak edərək qeyd edilən sənədlərlə bağlı  təklifləri səsləndirmiş, bu təkliflərin yekun sənəddə öz əksinin tapması üçün ciddi səylər göstərmişdir.

12 -17 aprel 2015-ci il tarixlərində   Koreya Respublikasının Daegu və Gyeoungju şəhərlərində keçirilməsi nəzərdə tutulan 7-ci Dünya Su Forumunda  qlobal miqyasda içməli su təchizatı, tullantı sularının idarəedilməsi, ekoloji məsələlər və s. ətrafında müzakirələr aparılacaq.

Qeyd edək ki, Dünya Su Forumu Dünya Su Şurası və təşkilatçı ölkənin dəstəyi ilə  üç ildən bir keçirilir. İlk forum 1997-ci ildə Mərakeşdə keçirilmişdir. 2000-ci ildə Niderland Krallığında,  2003-cü ildə Yaponiyada, 2006-cı ildə Meksikada, 2009-cu ildə Türkiyədə, 2012-ci ildə Fransada keçirilmiş forumlarda qarşıya qoyulmuş vəzifələrin və qəbul edilmiş qərarların icra vəziyyəti növbəti 7-ci Dünya Su Forumunda müzakirə ediləcəkdir.

7-ci Dünya Su Forumunda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edəcəkdir.