logo

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir


Yaradılıb: 06-03-2015 12:38

     

   8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Azərsu” Səhmdar Cəmiyyətində tədbir keçirilmişdir. Bu əlamətdar gün münasibəti ilə “Azərsu” ASC-nin qadın əməkdaşlarını rəhbərlik adından təbrik edən Səhmdar Cəmiyyətinin  sədrinin birinci müavini Teyyub Cabbarov  8 mart – Beynəlxalq Qadınlar gününün yaranma tarixinə nəzər salaraq bu bayramın dünyanın əksər ölkələrində  qeyd olunduğunu vurğulamışdır: “Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günədək layiqincə yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri vardır. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazanılan uğurlarda qadınlarımızın əvəzsiz xidmətləri  vardır. Xalqımızın ümummilli lideri Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşmışdır. Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Bu ənənələrə sadiq qalan möhtərəm Prezident İlham Əliyev qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm vermişdir.  Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün qadınlar ölkəmizdə komitə sədri, nazir müavini, rektor  və digər yüksək vəzifələrdə çalışırlar. Millət vəkillərinin 20 faizə yaxınını qadınlar təşkil edir. Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır”.

     

   Teyyub Cabbarov içməli su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu da bildirmişdir.  Qadınların   üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi  və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilmişdir.

  Tədbirin sonunda “Azərsu” ASC-nin xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilmişdir.

   Qeyd edək ki, “Azərsu”ASC-də çalışan 12 minə qədər  işçinin 2221 nəfərini və ya 18 faizindən çoxunu qadınlar təşkil edir.