logo

Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir


Yaradılıb: 26-02-2015 13:20

                

Bu gün ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımdan 23 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevi xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də Xocalı faciəsinə ehtiramla yanaşmışdır. Hər il faciənin ildönümü günündə Prezident İlham Əliyev faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edir.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri vardır. Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə fond tərəfindən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsi məqsədi ilə xarici ölkələrdə bir sıra tədbirlər həyata keçirilir.

 Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

      Fevralın 25-də “Azərsu” ASC-nin “Gənclər klubu”nun üzvləri  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin ziyarət etmişlər. Su təsərrüfatı işçiləri abidə önünə gül dəstələri qoyaraq faciə qurbanlarının xatirəsini  ehtiramla yad etmişlər.