logo

“Gənclər klubu”nun üzvləri ilə görüş keçirilmişdir


Yaradılıb: 25-02-2015 10:45

           

Fevralın 24-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Səhmdar Cəmiyyətdə yaradılmış “Gənclər klubu”nun üzvləri ilə görüşmüşdür.

Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edən Səhmdar Cəmiyyətin sədri qeyd etmişdir ki, bu siyasət müstəqil Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir. Ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin  ümumrespublika forumlarının  keçirilməsi, 2 fevral tarixinin “Azərbaycan gəncləri günü”  elan edilməsi, gənclər siyasəti üzrə dövlət proqramlarının qəbulu ulu öndərin tarixi xidmətləridir.

Qeyd  olunmuşdur ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, həmçinin gənclər təşkilatlarının formalaşması və inkişafına  yaradılan şərait Prezident İlham Əliyevin  bu sahəyə böyük diqqətinin təzahürüdür.

    “Azərsu” ASC-də gənclər siyasətinə böyük önəm verildiyini qeyd edən Qorxmaz Hüseynov  gənc peşəkar kadrların hazırlanması, gənclərə geniş şərait yaradılması, onların potensialından səmərəli istifadə olunması kimi məsələlərə böyük diqqət yetirildiyini bildirmişdir.

 

       

    “Azərsu” ASC İşlər İdarəsi rəisinin müavini  Rahid Fətəlizadə son illər Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərə geniş imkanlar yaradıldığını  bildirmişdir. Qeyd olunmuşdur ki, “Azərsu” ASC-də çalışan gənclərə böyük diqqət göstərilir, onlar mütəmadi olaraq təlim və trenninqlərə cəlb edilərək peşəkarlıqlarını artırırlar.  “Gənclər klubu”nun yaradılmasının məqsədləri, klubun fəaliyyət istiqamətləri və perspektiv planları barədə məlumat verən R.Fətəlizadə demişdir ki, klubun yaradılması gənclərin ictimai fəallığının artırılmasına, onların Səhmdar Cəmiyyətin  həyatında daha yaxından  iştirakına geniş şərait yaradacaqdır.

Tədbirdə çıxış edən “Gənclər klubu”nun üzvləri Günay Məmmədova və Orxan Nadirov yeni yaradılmış klubun ölkəmizdə gənclər siyasətinin inkişafına verəcəyi töhfələrdən bəhs etmişlər.  

      Tədbirin sonunda klubun fəaliyyətinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.