logo

Mingəçevir şəhəri içməli su ilə tam şəkildə təmin olunacaqdır


Yaradılıb: 25-02-2015 07:55

                             

    Mingəçevir şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə şəhər əhalisinin içməli su ilə tam şəkildə təmin olunmasına hesablanmışdır.  Bu barədə Prezident İlham Əliyev Mingəçevir şəhərinin perspektiv inkişafı ilə bağlı fikirlərini bildirərkən  bəyan etmişdir.

  Fevralın 24-də Mingəçevir şəhərinə səfəri çərçivəsində dövlət başçısı bir sıra sosial obyektlərin açılışında  iştirak etmişdir. Prezident İlham Əliyev bəyan etmişdir ki, Mingəçevir şəhərinin  böyük sənaye mərkəzinə çevrilməsi istiqamətində ciddi addımlar atılacaqdır. Mingəçevir Sənaye Parkının yaradılması artıq başlamışdır.  Bakı, Gəncə, Sumqayıt şəhərlərindən sonra  Mingəçevir Azərbaycanın dördüncü sənaye mərkəzinə çevriləcəkdir. Şəhərdə infrastruktur layihələrinin icrası yaxın gələcəkdə tam yekunlaşdırılacaqdır: “İçməli su layihəsi icra edilir və 2017-ci ilə qədər şəhər içməli su ilə tam şəkildə təmin ediləcəkdir. Bu işlər indi davam etdirilir...Biz Mingəçevirin inkişafına kompleks şəkildə yanaşırıq və şəhərin inkişafı üçün əlavə tədbirlər də görüləcək. Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrılacaqdır”.

     Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevirdə görülən işlərin  son mərhələdə olduğunu xatırlatmış, şəhərin abadlaşdırılmasının qonaqlara müsbət təsir bağışlayacağını bildirmişdir.