logo

“Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilir


Yaradılıb: 20-02-2015 10:46

          

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti  ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqavilə çərçivəsində fevralın 20-də “Azərsu” ASC-də  “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda ikigünlük elmi-praktiki konfrans işinə başlamışdır. Konfransda “Azərsu” ASC-nin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) gənc alim və mütəxəssisləri, tələbələr,  magistr və doktorantlar iştirak etmişdir.
      Konfransın açılışında çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycanda su təchizatının tarixi, ölkənin əsas su mənbələri və su təchizatı sistemləri barədə məlumat verərək bildirmişdir ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə böyük işlər görülmüşdür. Son illər Prezident İlham Əliyevin bu sahənin inkişafına  göstərdiyi böyük diqqət və qayğı  sayəsində  Bakı şəhəri və Abşeron  yarımadası, eləcə də regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Fəaliyyətində yeni texnologiyaların istehsalata tətbiqinə, təhsil və elmi müəssisələrlə əməkdaşlığa, kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirən Səhmdar Cəmiyyət tərəfindən mütəmadi olaraq elmi konfranslar, treninq və  təcrübə kursları təşkil olunur: “Qlobal miqyasda su çatışmazlığı probleminin kəskinləşməsi  son illər sudan səmərəli istifadə məsələsinin aktuallığını daha da artırır.  Bu konfrans içməli su və kanalizasiya təsərrüfatının qlobal problemlərinin öyrənilməsi və onların aradan qaldırılması, yeni texnologiyalardan istifadə imkanlarının araşdırılması baxımından olduqca əhəmiyyətlidir. İçməli sudan səmərəli istifadə, tullantı sularının emal edilərək digər məqsədlərə yönəldilməsi hazırda dünyada prioritet məsələlər sayılır. Ümidvaram ki, konfrans yüksək səviyyədə keçiriləcək və səmərəli nəticələrlə yekunlaşacaqdır”.

             

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova  qlobal miqyasda su problemlərinə böyük diqqət yetirildiyini bildirmiş,  bu baxımdan konfransın əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. Rektor “Azərsu” ASC ilə əməkdaşlığın real nəticələrindən və faydasından  bəhs etmişdir: Nəzəri bilikləri təkmilləşdirmək üçün təcrübə keçmək, istehsalat sahələrində olmaq vacibdir. İstehsalatla sıx əlaqənin yaradılması və təcrübə mübadiləsinin aparılması baxımından “Azərsu” ASC ilə əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq çərçivəsində ötən müddətdə birgə tədbirlər keçirilmiş, universitetin tələbələri  “Yay məktəbi”, istehsalat təcrübələrinə cəlb olunmuş, “Təqaüd Proqramı”nın imkanlarından faydalanmışlar. “Azərsu” ASC-nin maddi texniki bazası, həyata keçirdiyi layihələr universitetimizin elmi potensialının zənginləşdirilməsi baxımından əhəmiyyətlidir”.

      Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru professor Ramiz Məmmədov su ehtiyatlarının respublika üzrə paylanması, suyun keyfiyyəti ilə bağlı xəritələrin işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi istiqamətində son illər görülən işlər barədə məlumat vermişdir.

“Azərsu” ASC “Sukanal” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, professor Yaşar Kəlbiyev, AzMİU-nun kafedra müdiri, professor Fəqan Əliyev, “Azərsu” ASC-nin Elmi araşdırmalar və xarici əlaqələr şöbəsinin rəisi, professor Çingiz Abdullayev   konfransın əhəmiyyətindən, belə tədbirlərin gənc alim və mütəxəssislər üçün faydasından bəhs etmişlər.

Sonra konfrans işini bölmə iclasları ilə davam etdirmişdir. Bölmə iclaslarında içməli su təchizatı və kanalizasiya  sektorunun aktual problemləri haqqında məruzələr  dinlənilmiş, ətraflı müzakirələr aparılmışdır.

 Konfransın ikinci günü, fevralın 21-də tədbir iştirakçılarının Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Mərkəzi Laboratoriyaya səfərləri təşkil olunacaqdır.