logo

Kənd və qəsəbələrdə əhalinin içməli su təchizatı yaxşılaşdırılır


Yaradılıb: 19-02-2015 11:47

     

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionlarda içməli su təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində içməli su çatışmazlığının müşahidə olunduğu kəndlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq kənd və qəsəbələrdə  əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə layihələrin icrası davam etdirilir.

2014-cü ildə  “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sifarişi ilə 127 km içməli su xətti, 2,6 km uzunluğunda kanalizasiya xətti çəkilmiş və ya dəyişdirilmiş,  5 ədəd subartezian quyusu qazılmışdır.

Cəbhəyanı bölgədə yerləşən Tovuz rayonunun Əlibəyli kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihə icra edilmişdir. Layihə çərçivəsində subartezian quyusu qazılmış, transformator yarım stansiyası quraşdırılmış, 3,5 km magistral və  kənddaxili su xətləri çəkilmiş, hər birinin tutumu 100 kubmetr olan 2 su anbarı tikilmişdir. Görülmüş işlər nəticəsində 5800 nəfər sakinin içməli su təchizatı yaxşılaşmışdır.

2014-cü ildə Tərtər şəhərində, həmçinin rayonun Bala Kəngərli kəndində, Füzuli rayonunun Yağlıvənd, Ağcabədi rayonunun Şənlik  kəndində də subartezian quyuları qazılmış, magistral və paylayıcı su xətləri çəkilərək  istismara verilmişdir. Eyni zamanda Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilmişdir. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də tikinti-quraşdırma işləri həyata keçirilmişdir. 

 

                                         

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində  2014-cü ildə görülmüş işlər nəticəsində kənd və qəsəbələrdə 35 min nəfərin su təminatı yaxşılaşmışdır.

2014-cü ildə Masallı rayonunun Muğanlı zonasında 23 kəndin,  Yardımlı rayonunda Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə kəndlərinin,  Quba rayonunun Qəçrəş kəndinin  içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələrin icrası davam etdirilmişdir. Bu kəndlərdə icra olunan layihələr  ümumilikdə 31,5 min nəfərin içməli su probleminin həllinə hesablanmışdır.