logo

“Azərsu” ASC-nin dəstəyi ilə Memarlıq və İnşaat Universitetində Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyası yaradılmışdır


Yaradılıb: 17-02-2015 11:40

           

Fevralın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə yaradılmış Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının açılışı olmuşdur.

Açılış mərasimində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova müasir laboratoriyanın yaradılmasını universitetin tarixində əlamətdar hadisə kimi qiymətləndirərək  “Azərsu” ASC ilə uğurlu  əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasının başlıca vəzifə olduğunu xatırladan rektor yeni yaradılmış laboratoriyanın təhsilin inkişafına töhfə verəcəyini diqqətə çatdırmışdır.

“Azərsu” ASC-nin Elm, texnika və xarici əlaqələr şöbəsinin rəisi Çingiz Abdullayev 2012-ci ildə AzMİU ilə “Azərsu” ASC arasında imzalanmış müqavilədən irəli gələn məsələlərin uğurla icra edildiyini xatırlatmışdır. Qeyd  olunmuşdur ki,  ötən dövrdə  “Azərsu” ASC və  AzMİU-nun təşkilatçılığı ilə birgə tədbirlər keçirilmiş, universitetin tələbələri  “Yay məktəbi”, istehsalat təcrübələrinə cəlb olunmuş, “Təqaüd Proqramı”nın imkanlarından faydalanmışlar.

      

Sonra Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının açılışını bildirən rəmzi lent kəsilmişdir. “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının müdiri Elşən Nəzərov  yeni yaradılmış laboratoriya barədə ətraflı məlumat verərək bildirmişdir ki, bu sahədə  “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının təcrübəsi əsas götürülmüşdür. Laboratoriyada  Almaniya, ABŞ və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılmışdır. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkün olacaqdır. Hazırda laboratoriyada quraşdırılmış cihaz və avadanlıqlar içməli su və tullantı sularının 40-dək göstəricisini təyin etməyə imkan verir. “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası tərəfindən kadr hazırlığı sahəsində müvafiq tədbirlər də həyata keçiriləcəkdir.

Tədbirdə çıxış edən AzMİU-nun əməkdaşları professor Fəqan Əliyev, dosent Asif Kəngərli  yeni yaradılan laboratoriyanın imkanlarından bəhs edərək bildirmişlər ki, burada müəllimlərin elmi tədqiqat işləri aparması, tələbələrin isə tədqiqat prosesləri ilə əyani tanış olması üçün hər cür şərait vardır. Universitetin rəhbərliyi və müəllimlər Su təchizatı problemləri üzrə elmi-tədqiqat və tədris laboratoriyasının yaradılmasında göstərilən dəstəyə görə “Azərsu” ASC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.