logo

Genişmiqyaslı ekoloji tədbirlər həyata keçirilmişdir


Yaradılıb: 09-02-2015 11:35

          

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması məqsədi ilə respublikada həyata keçirilən genişmiqyaslı tədbirlərə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də öz töhfələrini verməkdədir. 2014-cü ildə ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə görülən işlərin əsas istiqaməti əhaliyə  keyfiyyətli içməli suyun verilməsi, tullantı sularının ekoloji tələblər  çərçivəsində  təmizlənib zərərsizləşdirilməsi, yaşıllaşdırma işlərinin genişləndirilməsindən ibarət olmuşdur.

Əhalinin keyfiyyətli və ekoloji təhlükəsiz içməli su ilə təmin edilməsi məqsədi ilə Mərkəzi Laboratoriya tərəfindən su təchizatı sistemlərindən 11 min nümunə götürülmüş, onların fiziki-kimyəvi və mikrobioloji təhlilləri aparılmışdır. Analizlərin nəticələrinə əsasən, bulanıqlıq, sərbəst xlor, mikrobioloji normalar üzrə müəyyən olunmuş, çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlər görülərək əhaliyə verilən suyun ekoloji təhlükəsizliyi tam  təmin edilmişdir. Bununla paralel olaraq paylayıcı şəbəkələrdə nümunə götürmə məntəqələri yenidən nəzərdən keçirilmiş,  bu nöqtələrdən  vaxtaşırı nümunələr götürülərək təhlillər  aparılmışdır.

Hesabat dövründə Abşeron yarımadasında  formalaşan  tullantı sularının təmizlənərək zərərsizləşdirilməsinə diqqət artırılmışdır. Bakı və Sumqayıt  şəhərlərində, həmçinin ətraf qəsəbələrdə yaranan tullantı suları bioloji və mexaniki  təmizləyici qurğularda təmizlənərək ekoloji tələblərə uyğun şəkildə kənarlaşdırılımışdır.

Böyükşor gölü ətrafında yeni kanalizasiya kollektorları və xətlərinin, nasos stansiyalarının tikilməsi nəticəsində Böyükşor gölünə axan tullantı sularının qarşısı tam alınmışdır. Eyni zamanda Cənub kanalından Şıx burnuna qədər hissədə Bakı buxtasına axıdılan tullantı sularının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Paytaxtda və ətraf ərazilərdə yaranan tullantı sularının optimal idarəedilməsi, Xəzər dənizinə axıdılan məişət təsərrüfat sularının qarşısının alınması məqsədilə Xocasən-Binəqədi-Xırdalan, Bayıl-Bibiheybət-Lökbatan, Dərnəgül-Qaraçuxur kanalizasiya tunellərinin tikintisi davam etdirilmişdir.   

Ekoloji vəziyyətin yaxşılaşdırılması tədbirləri çərçivəsində yaşıllaşdırma işləri də aparılmışdır. Hesabat ilində “Azərsu” ASC-nin  müəssisə və təşkilatlarının, anbar və digər qurğuların ərazisində 16 min ağac və kol, 200 min mövsümi gül əkilmiş, 28850 kvadratmetr ərazidə qazon salınmışdır. Eyni zamanda Yasamal rayonunda yerləşən  “+82 Qərb” su anbarının ərazisində 6 hektardan artıq sahədə müasir park yaradılmışdır.