logo

"Azərsu" ASC-də 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.


Yaradılıb: 05-02-2015 11:10

              

  Fevralın 4-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində içməli su təchizatı və kanalizasiya sektorunda 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.

 Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət yeni-yeni töhfələr vermişdir. Qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq  2014-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.  

Dövlət başçısının diqqət və qayğısı nəticəsində infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilmişdir: “Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını Möhtərəm Prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirmişdir. Bu vəzifələrdən irəli gələrək Cəmiyyətimiz tərəfindən 2014-cü ildə geniş tikinti quraşdırma işləri həyata keçirilmişdir. Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Kür Sutəmizləyici Qurğuları-Saatlı-Sabirabad magistral su xəttinin tikintisi  başa çatdırılmışdır. Həmçinin yeni mənbələrdən Gəncə, Beyləqan şəhərlərinə içməli suyun verilməsi təmin edilmişdir.  Hesabat dövründə beynəlxalq maliyyə qurumları ilə birgə layihələrin icrası sürətləndirilmişdir. Göyçay və Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələri yaradılmış, Gədəbəy və Astara şəhərlərində yeni  layihənin icrasına başlanılmışdır”. 

 “Azərsu” ASC-nin sədri bildirmişdir ki, il  ərzində  istehlakçılara 285  milyon kubmetr içməli su verilmiş, 184 milyon kubmetr tullantı sularının axıdılması xidmətləri göstərilmişdir.

 İl ərzində ölkə üzrə 1185 km içməli  su, 325 km kanalizasiya xətləri çəkilmiş,  39  ədəd su anbarı  tikilmiş, 10 ədəd artezian və subartezian quyuları qazılmış, 146 minə qədər  sayğac quraşdırılmışdır.  Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 57 faizə yüksəlmişdir.

      Görülmüş tədbirlər nəticəsində 357 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmışdır. Belə ki, 259 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş,  156  min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su almışdır. İl ərzində abunəçilərin sayı 113 min artaraq 1 milyon 322 minə çatmışdır.

 Hesabat dövründə ümumi tutumu 753 min kubmetr olan 44 mərkəzi və 338 məhəllədaxili su anbarı, 551 km uzunluğunda kanalizasiya kollektoru və xətləri yuyularaq təmizlənmişdir.

      Qeyd olunmuşdur ki, kadr  hazırlığı  və təlimlərin keçirilməsi Səhmdar Cəmiyyətin prioritet vəzifələri olaraq qalır. 2014-cü ildə  regionlarda 7 təlim keçirilmiş və Cəmiyyətin müxtəlif sahələrini təmsil edən 1250 əməkdaşı təlimlərə cəlb olunmuşdur. Ümumilikdə 2014-cü ildə 3800 işçiyə təlim verilmişdir.

    

Sonra “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sumqayıt Sukanal” İdarəsinin rəisi Ədalət Bağırov, “Mingəçevir Sukanal” İdarəsinin rəisi Mustafa Kərimov və Səbail rayon Sukanal idarəsinin rəisi  Rauf Osmanov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə  2014-cü ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.   

    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq 2015-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. 2015-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri cari ildə beynəlxalq layihələr çərçivəsində bir sıra  rayonlarda işlərə başlanılacağını diqqətə çatdırmışdır.

        2015-ci ildə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Su sayğaclarının təmiri və sınağı laboratoriyasının, Təlim-Tədris Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.

 “Azərsu” ASC-nin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, yığım səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar vermişdir.  Qeyd olunmuşdur ki, Müştəri informasiya sistemlərinin yaradılması istiqamətində işlər müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcəkdir.

   

2015-ci ildə    Birinci  Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu”  ASC-nin də üzərinə mühüm vəzifələr düşür. “Azərsu” ASC-nin sədri bildirmişdir ki, ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaqdır.