logo

"Azərsu" ASC-nin "ASAN xidmət" mərkəzlərində təmsil olunması göstərilən müştəri xidmətlərinin asanlaşdırılmasına səbəb olmuşdur


Yaradılıb: 30-01-2015 11:28

        

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın  artırılmasına səbəb olmuşdur. 2014-cü ildə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilmişdir.  

 Qeyd edək ki, 2014-cü ilin may ayından etibarən “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanılmışdır. Ötən 8 ay ərzində vətəndaşlar tərəfindən 10013 müraciət daxil olmuşdur. Müraciətlərin  6711-i qeydiyyatda olan və “Azərsu”  ASC-nin abonent bazasında təsdiqini tapmış  məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi ilə bağlı olmuşdur. Bununla yanaşı 1237 müraciət  smart sayğacın digər smart sayğacla əvəz olunması səbəbindən yeni  smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 848 müraciət abonentlərin  bazadakı məlumatlarına dəyişikliklərin edilməsi,  1217 müraciət isə digər məsələlərlə bağlı olmuşdur. Ən çox müraciət Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət mərkəzində qeydə alınmışdır.

Hazırda “Azərsu” ASC-nin xidmətləri  Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4  saylı, həmçinin  Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət”  mərkəzlərində təşkil olunmuşdur. Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.