logo

2014-cü ildə 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılmışdır


Yaradılıb: 19-01-2015 11:40

            
 İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər 2014-cü ildə intensiv qaydada davam etdirilmişdir.

  İl ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür. Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılmışdır. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.

   Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatmışdır.   Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri- əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda  həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunmuşdur.

  01 yanvar 2015-ci il tarixə “Azərsu” ASC üzrə abunəçilərin  750 mini və ya 57 faizi sayğaclarla təmin olunmuşdur. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir.

  Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də  bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.

   2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal  idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilmişdir.