logo

"Azərsu" ASC-də “20 yanvar - Ümumxalq hüzn günü” münasibətilə anım mərasimi keçirilmişdir


Yaradılıb: 16-01-2015 11:01

   

Yanvarın 16-da “20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilmişdir.  Əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

 

Tədbirdə çıxış edən “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirmişdir ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 25 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülmüş, 600-dən çox insan yaralanmışdır. Həmin illərdə Azərbaycanın  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir: Ulu öndər xüsusi nəzarət altında olmasına və həyatı üçün təhlükələrə baxmayaraq hadisələrdən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirmişdir. Ümummilli lider faciəni törədənləri, Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərliyini kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. Bununla da ulu öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir”.

Qeyd olunmuşdur ki, ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış, 20 yanvar tarixi - Ümumxalq Hüzn Günü elan edilmişdir. 20 Yanvar faciəsi qurbanlarının  əziz xatirəsini həmişə  uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 
 

Anım mərasimində  su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Təranə İmanova, Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Hüseyn Quliyevin yaralandığı xatırlanmışdır.

Tədbirə dəvət olunmuş tarix elmlər doktoru, professor Vəkil Həsənov  Sovet imperiyasının və erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla  əsaslandırmış, 20 yanvar tarixini xalqımızın qəhrəmanlıq və şücaətinin simvolu kimi qiymətləndirmişdir: 20  Yanvar hadisələri böyük bir  geosiyasi prosesin başlanğıcı oldu. Bu bəşəri cinayətin törədilməsi  SSRİ kimi bir imperiyanın çökməsi reallaşdı. Bu qanlı hadisə sovet imperiyasının qəddar siyasətini  təsdiq etməklə yanaşı,  xalqımızın azadlıq əzmini,  müstəqillik və dövlətçilik ideyalarına sıx bağlı olduğunu bir daha nümayiş etdirdi”.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov,  20 Yanvar əlili Hüseyn Quliyev,  şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirimiş qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.