logo

Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə kredit sazişi təsdiqlənmişdir


Yaradılıb: 15-01-2015 09:24

   Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Səudiyyə İnkişaf  Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə” Kredit Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləmişdir.

Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması layihəsi üzrə kredit sazişi  3 iyul 2014-cü il tarixdə Bakı şəhərində imzalanmışdır.  Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq. Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

 

 “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya  sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanmışdır. Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək smart-kart sayğaclar quraşdırılacaqdır.