logo

Prezident İlham Əliyev: "İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir"


Yaradılıb: 12-01-2015 06:08

               
  

   Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

   İclasda çıxış edən Prezident İlham Əliyev 2014-cü ildə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatının 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını bildirmişdir. Qeyd olunmuşdur ki, ötən il  inflyasiya 1,4 faiz olduğu halda, əhalinin pul gəlirləri 4,8 faiz artmışdır.

Dövlət başçısı bildirmişdir ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuş, bunun da 16 milyard dolları daxili sərmayələrdir. Manatın məzənnəsi sabitliyini qorumuş, valyuta ehtiyatları 50 milyard dolları keçmişdir.  2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi yaradılmış, yeni iş yerləri açılmış, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxılmışdır.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Baş nazirin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr və qarşıda duran vəzifələr barədə məruzə etmişlər.

 Yekun çıxışında Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə etmişdir. Bildirmişdir ki, düşünülmüş iqtisadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik 2015-ci ilin də xalqımız üçün uğurlu olacağına təminat verir. Dövlət başçısı demişdir ki, sahibkarlığa güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır. İqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini deyən dövlət başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirmişdir. 

 

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu layihələr icra olunduğunu deyən Prezident İlham Əliyev ötən il “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasını tarixi hadisə adlandırmış, bu layihənin icrasının ölkəmizin inkişafında mühüm mərhələ olacağını diqqətə çatdırmışdır.

 

İclasda 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələrinin uğurla icra etdirildiyi bildirilmişdir. Dövlət başçısı içməli su layihələrinin prioritet olduğunu vurğulamış, bu sahədə işlərin  davam etdiriləcəyini diqqətə çatdırmışdır: “İnfrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində və keçən ilin sonunda bu istiqamətə Prezidentin ehtiyat fondundan böyük vəsait ayrılmışdır. Bu il ən azı 300 artezian quyusu qazılacaq və ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələri arasında prioritetdir. İçməli su layihələrinin bir çoxu artıq icra edilib. Ancaq prioritetlər var və biz dövlət investisiyalarını dayanıqlı inkişafa yönəltməliyik”.

 

Ekologiya ilə bağlı məsələlərin də  prioritet olduğunu vurğulayan dövlət başçısı bir neçə aydan sonra Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin başa çatacağını, bu layihənin  nümunə olacağını qeyd etmişdir.

 

Dövlət başçısı Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini bildirmiş və əlavə etmişdir ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.