logo

Şirvan şəhərində "Kompleks Təlim Proqramı"nın açılışı olmuşdur


Yaradılıb: 28-11-2014 14:28

   

       

    "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində Şirvan şəhərində 7-ci "Kompleks Təlim Proqramı"nın rəsmi açılışı olmuşdur. Açılış mərasimindən öncə tədbir iştirakçıları  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş,  Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. 

    Tədbirdə "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat vermiş,  istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması ilə bağlı “Azərsu” ASC tərəfindən görülən işləri yüksək qiymətləndirmişdir.

 

   "Azərsu" ASC sədrinin birinci müavini Teyyub Cabbarov Şirvan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, Aran bölgəsinin böyük infrastruktur layihələrindən olan Şirvan–Muğan qrup su kəmərinin istismara verilməsindən sonra şəhərin su təchizatında ciddi  dönüş yaranmışdır: “2013-cü ilin iyulunda möhtərəm Prezident İlham Əliyev Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsinin açılışını etmişdir. Yeni mənbədən suyun verilməsindən və yeni infrastrukturların yaradılmasından sonra Şirvan şəhərinin içməli su təchizatında əhəmiyyətli dəyişikliklər olmuşdur. Şəhərin mərkəzləşmiş su təchizatı sistemi olmayan Yeni Yaşayış Massivində infrastruktur yaradılmış  15 mindən çox sakin 24 saat su ilə təchiz olunmuşdur. Bu ilin mayında Şirvan şəhərinin Çılpaqlı qəsəbəsinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsinə  başlanmış və 5000-dək qəsəbə sakininin su problemi həllini tapmışdır.”.

     “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov Aran bölgəsinin digər şəhər və rayon mərkəzlərində həyata keçirilən layihələr barədə məlumat verərək bildirmişdir ki, bu layihələr əhalinin içməli su və kanalizasiya ilə bağlı problemlərinin birdəfəlik həllinə xidmət edir:  ““Azərsu” ASC-nin sifarişi ilə hazırda 24 şəhər və rayon mərkəzində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri icra olunur. Yeni infrastrukturları idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmişdir. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir”.

      

 Tədbirə dəvət olunmuş Fransanın “Suez Environnement” şirkətinin layihə direktoru Alen Karbonel  keçirilən təlimlərin mütəxəssislərin bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.

  "Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə bildirmişdir ki, bu il keçirilən sonuncu regional təlimdə Şirvan, Sabirabad, Saatlı, Göyçay, Kürdəmir, Ucar, Hacıqabul və Neftçala, həmçinin “Kür su kəmərləri” İdarəsinin 175 əməkdaşı iştirak edir. Dekabr ayının ortalarına qədər davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vuran işçilər  "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir.