logo

Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşmaq üzrədir


Yaradılıb: 26-11-2014 15:37

            
   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti   regionların  sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində tədbirləri  davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.

  “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”  2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Beyləqan şəhərində 25 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır.  Bu layihə çərçivəsində  rayonun Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinin 5200, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün içməli su problemi də öz həllini tapacaqdır.

  Təməli 2012-ci ilin oktyabrın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş layihəyə uyğun olaraq Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək məqsədilə Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılmış və buradan şəhərə 8,6 km uzunluğunda magistral su xətti çəkilmişdir. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilmişdir.

  Ümumi uzunluğu 91 km olan şəhərdaxili su şəbəkəsinin 81 km-lik hissəsi çəkilmiş, 4791 ünvan şəbəkəyə qoşulmuşdur. Artıq yeni şəbəkə ilə istehlakçılara içməli suyun verilməsinə başlanılmışdır.

   İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir və indiyə qədər 5200-dən çox abunəçinin 2 minə yaxını  sayğacla təmin olunmuşdur. Yanğın təhlükəsizliyini təmin etmək üçün 321 yanğın hidrantı quraşdırılmışdır. 

  Layihə çərçivəsində Beyləqan şəhərinin kanalizasiya sistemləri də yenidən qurulur. İndiyədək 89,9 km  uzunluğunda kanalizasiya  xətlərinin 83 km-lik hissəsi inşa edilmiş, 2 mindən çox baxış quyusu tikilmişdir.

 Layihənin növbəti mərhələsində məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir. Bununla da Beyləqan şəhərində yaranacaq tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.

  Qeyd edək ki, Beyləqan şəhərində içməli su və kanalizasiya sistemləri  1980-ci illərdə yaradılmışdır. Layihənin icrasına qədər şəhər sakinlərinin təqribən 30 faizi  mərkəzləşdirilmiş qaydada qrafik rejimlə içməli su ilə təmin olunurdu.  Digər əhali içməli suya olan tələbatını fərdi qaydada ödəyirdi.