logo

Qubada içməli sudan istifadə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir


Yaradılıb: 21-11-2014 10:09

               

 "Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, qanunvericiliyə edilmiş dəyişikliklər, qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində ma­arifləndirici tədbirləri davam etdirir. Noyabrın 18-də Quba şəhərində rayon  sakinləri ilə keçirilən görüşdə  bu məsələlərlə bağlı maarifləndirmə işləri aparılmışdır.

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev bildirmişdir ki, Quba şəhəri və ətraf qəsəbələrdə  su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulmuş, əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin edilmişdir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov  Quba şəhərində içməli su və kanalizasiya layihəsinin icrasının yekunlaşdığını, Qusar, Xaçmaz və Xızı şəhərlərində isə tikinti-quraşdırma işlərinin  davam etdiridiyini diqqətə çatdırmışdır.

Səhmdar Cəmiyyətin Hüquq departamentinin rəisi Faiq Kazımov 2014-cü ildə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildiyini, həmçinin sudan istifadə qaydalarının təsdiqləndiyini bildirmişdir.  Qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin qərarı ilə  təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda  su təchizatı və kanalizasiya müəssisələrinin, həmçinin istehlakçıların hüquq və vəzifələri, suölçən cihazların quraşdırılması və istismarı, suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri, istehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi, kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər öz əksini tapmışdır. Yeni qaydalar bu sahədə “Azərsu” ASC ilə istehlakçılar arasında hüquqi məsələlərin tənzimlənməsinə xidmət edir.  

   Cinayət Məcəlləsinin 189.1 maddəsinə edilmiş dəyişikliklərə əsasən, su təchizatı şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

   İçməli sudan qanunsuz və israfçılıqla istifadə olunmasının, xidmət haqlarının ödəməkdən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.