logo

Badamdar qəsəbəsinin içməli su və kanalizasiya infrastrukturları yenidən qurulacaq


Yaradılıb: 24-11-2014 17:37

    “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrin içməli su və kanalizasiya infrastrukturlarının yenidən quruilması məqsədi ilə daha bir beynəlxalq layihənin icrasına başlayır. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunu birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə tender elan edilmişdir. Bu layihə Bakı şəhəri Səbail rayonu  Badamdar qəsəbəsinin içməli  su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur.

Layihəyə əsasən, Badamdar qəsəbəsində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 5,5 km uzunluğunda magistral su xətti çəkiləcək, 57 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 3959 ünvana ev birləşməsi veriləcəkdir. Yanğın təhlükəsizliyi məqsədilə qəsəbə ərazisində müxtəlif nöqtələrdə 210 ədəd yanğın hidrantı quraşdırılacaqdır.

Badamdar qəsəbəsinin kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi çərçivəsində 49,6 km kanalizasiya şəbəkəsi yaradılacaq, 3 km uzunluğuna kanalizasiya kollektoru inşa ediləcəkdir. Yeni yaradılacaq kanalizasiya şəbəkəsinə 3959 ünvan qoşulacaqdır.

Tender təklifləri 22 yanvar 2015-ci il tarixədək təqdim edilməlidir.