logo

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilmişdir


Yaradılıb: 20-11-2014 16:07

      

Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində tədbir keçirilmişdir.

   Tədbiri giriş sözü ilə açan YAP  “Azərsu”ASC ərazi ilk təşkilatının sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bu əlamətdar gün münasibətilə təbriklərini çatdırmış, partiyanın  yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə məlumat vermişdir.

    “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov partiyanın  yaranma tarixinə nəzər salaraq qeyd etmişdir ki, xalqa, vətənə, dövlətçiliyə xidmət edən  Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin  ictimai-siyasi həyatında fəal iştirak etmiş, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafa  töhfələr vermişdir: “Yeni Azərbaycan Partiyası iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənmişdir. Azərbaycan Respublikasının Prezidenti,   Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi  siyasət ölkəmizə böyük nüfuz qazandırmış, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Bu sahədə işlərin məntiqi davamı olaraq dövlət başçısının paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri uğurla həyata keçirilməkdədir”.

   

   Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışmış,  ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs etmişdir: “Ulu öndər Heydər Əliyev demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda siyasi partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə qiymətləndirərək 1992-ci il noyabrın 21-də yaradılmış Yeni Azərbaycan Partiyasının sədri olmaq məsuliyyətini üzərinə götürmüşdür. Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir".

   

   Daha sonra təşkilati məsələlərə baxılmış, idarə heyəti yenidən formalaşdırılmış, Heydər Abbasov  “Azərsu”ASC ərazi ilk təşkilatının sədri, Günay Məmmədli və Qafar Mədətov sədr müavinləri seçilmişlər.

   Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.