logo

“Azərsu” ASC “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində təmsil olunur


Yaradılıb: 19-11-2014 15:57

          

  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı Ekspo Mərkəzində keçirilən  5-ci Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE 2014”) sərgisində uğurla təmsil olunur.

  Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” ASC sərgidə xüsusi pavilyonla iştirak edir. Pavilyonda yeni su mənbələri, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr, ekoloji tədbirlərlə bağlı stendlər, maketlər videoçarxlar nümayiş etdirilir. Təqdim olunan sərgi materiallarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatlar əksini tapmışdır.

 Sərgi iştirakçılarının diqqətinə çatdırılmışdır ki, “Azərsu” ASC tərəfindən içməli suyun mənbədən götürülərək istehlakçılara çatdırılmasınadək, eləcə də çirkab suların idarəolunmasının bütün mərhələlərində ekoloji tələblər ciddi riyət olunur. Səmdar Cəmiyyətin mütəxəssisləri Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusu barədə ətraflı məlumat verilərək bildirmişlər ki, bu qurğu ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli içməli suyun əldə edilməsinə imkan verəcək.

  “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası da ziyarətçilərin marağına səbəb olmuşdur. Sərgi iştirakçılarının diqqətinə çatdırılmışdır ki, laboratoriyada  beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir  avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan vermişdir.

  Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədi ilə çirkab suların təmizləyici qurğulara ötürülməsini təmin edəcək tunel tipli kanalizasiya kollektorlarının tikintisi intensiv şəkildə davam etdirilir.

 “Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma  və  abadlıq işləri aparılmış və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.

 Qeyd edək ki, “CTE-2014” sərgisi "İteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin dəstəyi ilə   keçirilir. Sərgi noyabrın 21-dək davam edəcək.