logo

Horadizdə mütəxəssislər üçün regional təlimlər başlamışdır


Yaradılıb: 18-11-2014 15:27

        

  Noyabrın 17-də Füzuli rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində növbəti "Kompleks Təlim Proqramı"nın açılışı olmuşdur. Horadiz şəhərində təşkil olunmuş tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır.

  Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində əvvəlcə  "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.

  Mərasimdə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən və rayonda aparılan abadlıq quruculuq işlərindən, danışmışdır: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin sosial problemlərinin həlli istiqamətində Füzuli rayonunda mühüm işlər görülmüşdür. Cəbhəyanı bölgə sakinlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər nəticəsində sakinlər keyfiyyətli içməli su ilə təmin olunmuşdur”.

              

  "Azərsu" ASC sədrinin müavini Mahir Məmmədov istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində regionlarda həyata keçirilən layihələr barədə məlumat vermiş və qeyd etmişdir ki, layihələrin icrası ilə yanaşı, kadrların peşəkarlığının artırılmasına da xüsusi diqqət yetirilir: “Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmişdir. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir”.

   “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə cəbhəyanı kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Cəbhə xəttində yerləşən və içməli sudan əziyyət çəkən kəndlərin problemlərinin həlli istiqamətində işlər surətlə davam etdirilir. Yerli icra strukturlarının dəstəyi ilə Füzuli rayonun cəbhə bölgəsində yerləşən kəndlərinin içməli su problemi köklü şəkildə həll edilmişdir”.

 Tədbirə dəvət olunmuş Fransanın “Suez Environment” şirkətinin layihə direktoru Alen Karbonel  keçirilən təlimləri yüksək qiymətləndirmiş  və “Azərsu” ASC ilə əməkdaşlığın faydalı olacağını bildirmişdir.

   "Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə  Füzuli rayonunda keçirilən 6-cı regional təlimdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, İmişli, Laçın, Tərtər, Xocavənd və Zərdab sukanal idarələrinin 224 nəfər əməkdaşının iştirak etdiyini bildirmişdir: “Seminar və praktiki məşğələlər formasında keçirilən təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər  "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.  Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcəkdir”.

         

 Açılış mərasimindən sonra “Azərsu” ASC-nin rəhbərliyi Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə olmuş, şəxsi heyətlə görüşərək onlara müxtəlif hədiyyələr təqdim etmişdir.