logo

Şəmkirçay su anbarı istismara verilmişdir


Yaradılıb: 17-11-2014 11:27

      

Noyabrın 15-də Şəmkirçay su anbarı və su elektrik stansiyasının açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Əvvəlcə dövlət başçısına Şəmkirçay su anbarının planı, magistral suvarma kanallarının sxemi, dəryaçanın tikintisinin əsas göstəriciləri, bəndin baş planı və digər qurğular barədə ətraflı məlumat verilmiş, mövcud su anbarlarının xəritəsi nümayiş etdirilmişdir.

Ümumi  tutumu 164,5 milyon kubmetr olan Şəmkirçay su anbarının faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla il ərzində  207,9 milyon kubmetr sudan istifadə olunacaq.

Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilmiş, suyun əkin sahələrinə nəqli məqsədilə dəmir-beton üzlüklü kanallar inşa olunmuşdur. Bu mənbə hesabına Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarında 54 min hektar torpaqda suvarma yaxşılaşdırılacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq.

Prezident İlham Əliyev su elektrik stansiyası  və Şəmkirçay su anbarının açılışını bildirən düyməni işə salmışdır. Dövlət başçısına məlumat verilmişdir ki, 25 meqavat gücü olan stansiyada ildə 56 milyon kilovat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

    

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, infrastruktur layihələri, - elektrik stansiyaları, kənd yolları, içməli su layihələri, - bütün bu layihələr ölkəmizin çoxşaxəli inkişafını təmin edir və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. 2018-ci ilə qədər ölkəmizdə əsas infrastruktur və sosial məsələlər həllini tapacaqdır.

Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək veriləcək. Böyük investisiya tutumu bu layihəyə 700 milyon manatdan çox dövlət vəsaiti qoyulmuşdur ki, bu da  Taxtakörpü su anbarından sonra qeyri-neft sektoruna qoyulan ikinci böyük investisiya hesab olunur: Bu layihə dörd rayonun sahəsini əhatə edir - Şəmkir, Göygöl, Samux, Goranboy. Bu rayonlarda kənd təsərrüfatının inkişafı, əlbəttə ki, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək. Bir məqamı da qeyd etmək istəyirəm, eyni zamanda, bu layihədən insanlar da içməli su kimi istifadə edəcəklər. Şəmkir və Gəncə şəhərlərinə, o cümlədən Samux rayonunun bir neçə yaşayış məntəqəsinə içməli su veriləcək. Bu, təmiz içməli sudur, keyfiyyətlidir, təbiidir və bu layihədə böyük Şəmkirçay kompleksinin tərkib hissəsidir.

Suvarma, meliorasiya, kənd təsərrüfatı, sahibkarlıq, enerji təhlükəsizliyi, içməli su, yəni, insanların sağlamlığı və inkişaf. Bax, budur bir layihədə cəmləşən amillər. Bir daha onu demək istəyirəm ki, ancaq Azərbaycan dövlətinin güclü iradəsi, düşünülmüş siyasəti, planlı şəkildə apardığı siyasət nəticəsində bu layihələrin icrası mümkün olmuşdur".

Tədbirdə  Şəmkirçay su anbarının regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfə olduğu vurğulanmış və müstəqillik illərində reallaşdırılan ən mühüm layihələrdən biri kimi Azərbaycanın müasir tarixində mühüm yer tutacağı bildirilmişdir.