logo

“Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda konfrans keçiriləcək


Yaradılıb: 12-11-2014 14:38

   “Azərsu” Açıq Səhmdar Cəmiyyəti su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsaslanaraq yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirir. Cəmiyyətin alim və mütəxəssisləri suyun emalında innovativ texnologiyaların tətbiqi, su təchizatı, tullantı və yağış suları şəbəkələrinin səmərəli idarəetmə metodları, tullantı sularının təmizlənməsi və müxtəlif məqsədlər üçün təkrar istifadəsi, həyata keçirilən layihələr çərçivəsində ətraf mühitin qorunması problemləri üzərində tədqiqatlar aparır. Bu məqsədlə mütəmadi olaraq elmi konfranslar, treninq və  təcrübə kursları təşkil olunur.

“Azərsu” ASC  ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında imzalanmış Təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqaviləyə uyğun olaraq 18-19 fevral 2015-ci il tarixdə “Azərbaycanda sudan istifadənin müasir problemləri və onun idarə olunması” mövzusunda elmi konfrans keçiriləcəkdir.  Konfransda içməli su təchizatı və kanalizasiya  sektorunun aktual problemləri haqqında məruzələr  dinləniləcək, ətraflı müzakirələr aparılacaq.

Konfransın tezisləri və məqalələr elektron formada 10 dekabr 2014-cü il tarixinə qədər elchin.gurbanov@azersu.az ünvanına göndərilməlidir. Daha ətraflı məlumat almaq istəyənlər “Azərsu” ASC-nin Elm və texnika şöbəsinin mühəndisi Elçin Qurbanovla əlaqə saxlaya bilərlər. (012 431-47-67, daxili 55-27) 

Qeyd edək ki, “Azərsu” ASCi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti  (AMİU) arasında təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlığa dair Müqavilə 19 dekabr 2012-ci il tarixdə imzalanmışdır.