logo

Mütəxəssislər qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə Fransa, Əlcəzair və İspaniyada səfərdə olmuşlar


Yaradılıb: 06-11-2014 14:56

           

İçməli su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların mənimsənilməsi və tətbiqi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi diqqət yetirilir. 

      “Azərsu” ASC ilə Fransanın Suez Environnement şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində Səhmdar Cəmiyyətin mütəxəsislərdən ibarət nümayəndə heyəti oktyabrın 22-dən 31-dək heyəti Fransa, Əlcəzair və İspaniyada səfərdə olmuşlar. Səfər müddətində mütəxəssislər  Suez Environnement şirkətinin Paris, Orlean, Əlcəzair və Barselona şəhərlərində fəaliyyəti və həyata keçirdiyi layihələrlə tanış olmuş, təcrübə mübadiləsi aparmışlar.

   Fransanın Orlean şəhərində Suez Environnement şirkətinin istismar etdiyi tullantı sularının təmizləmə məntəqəsinə səfər təşkil olunmuşdur. Səfər zamanı mütəxəssislərə tullantı və yağış sularının idarəolunması sistemlərinin iş prinsipləri barədə ətraflı məlumatlar verilmişdir.

    Nümayəndə heyətinin Suez Environnement şirkətinin Parisdə yerləşən tədqiqat mərkəzində keçirdiyi görüşdə şirkətin icra etdiyi layihələrin  ətraf mühitə təsiri məsələləri müzakirə edilmişdir. Həmçinin Suez Environnement şirkətinin muzeyinə də baxış keçirilmişdir.

    Əlcəzairə səfər çərçivəsində nümayəndə heyəti Əlcəzair şəhərində Sutəmizləyici məntəqədə olmuş, burada yerləşən laboratoriyaya baxış keçirmişdir. Qonaqlara Suez şirkətinin Əlcəzairdə tətbiq etdiyi Wikti qiymətləndirmə sisteminin nəticələri  barədə məlumat verilmişdir. Azərbaycanlı mütəxəssislər burada yaradılmış mərkəzləşdirilmiş logistika sistemi ilə tanış olmuş və mərkəzi anbara baxış keçirmişlər. Səfər çərçivəsində Suez Environnement şirkətinin Əlcəzairdə gördüyü işlər haqqında nümayəndə heyətinə geniş məlumat verilmişdir.

   Nümayəndə heyətinin sonuncu səfəri İspaniya Krallığına olmuşdur. Barselona şəhərində “Aqualogiya” Təlim və Tədqiqat mərkəzini ziyarət edən nümayəndə heyətinə burada keçirilən təlimlər və aparılan tədqiqat işləri barədə ətraflı məlumat verilmişdir. Mərkəzin kadr hazırlığı siyasəti ilə tanış olun mütəxəssislər daha sonra Barselona şəhərinin sutəmizləyici məntəqəsi və laboratoriyasına da baxış keçirmişlər.

    Qeyd edək ki, “Azərsu” ASC ilə Fransanın Suez Environnement şirkəti arasında 12 may 2014-cü il tarixdə Bakıda imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə”  kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə 250 təlimçi hazırlanacaqdır.