logo

Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilmişdir


Yaradılıb: 03-11-2014 16:17

         

Noyabrın 3-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru  Klaus Gerhauzerin başçılıq etdiyi  nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Görüşdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində iştirakını yüksək qiymətləndirmişdir. Səhmdar Cəmiyyətin sədri  “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin yekunlaşma ərəfəsində olduğunu xatırladaraq qeyd etmişdir ki, layihənin icrası nəticəsində bu şəhərlərdə əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşmışdır.

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru  Klaus Gerhauzer “Su təchizatı və kanalizasiya xidmətləri” layihəsinin icrasından razılığını bildirmiş və əlavə etmişdir ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması  layihələrinin maliyyələşdirilməsində iştirak etməkdə maraqlıdır.

Görüşdə Asiya İnkişaf  Bankı ilə birgə maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icrası və növbəti mərhələlərdə maliyyələşdiriləcək layihələr haqqında ətraflı müzakirələr aparılmışdır.

 Qeyd edək ki, Azərbaycan hökumətinin  Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsi başa çatmışdır. Həmin şəhərlərdə yeni su mənbələri yaradılmış, mövcud su və kanalizasiya şəbəkələri yenidən qurulmuş, abunəçilərin bir qismi  smart-kart sayğaclarla təmin edilmiş və bu sahədə işlər davam etdirilir. Ağcabədi və Balakən şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına hazırlıq görülür.