logo

Mingəçevirdə “Regional təlim inkişaf proqramı-1” çərçivəsində təlimlər başlanmışdır


Yaradılıb: 02-10-2014 13:30

               

   Oktyabrın 1-də Mingəçevir  şəhərində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində növbəti  "Kompleks Təlim Proqramı"nın açılışı olmuşdur. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mingəçevir şəhərində  ucaldılmış abidəsini ziyarət etmiş, Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar.

   Açılış mərasimində "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.

  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı  Niyazi Bayramov çıxış edərək  bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhərdə yenidənqurma işləri xeyli sürətlənmişdir: “Məlum olduğu kimi I Avropa Olimpiya oyunlarında bəzi idman növləri üzrə yarışlar Mingəçevirdə keçiriləcək. Bu yarışlara hazırlıqla bağlı Mingəçevir şəhərində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Şəhərdə içməli su və kanalizasiya  şəbəkələrinin  yenidən qurulması işləri sürətləndirilmişdir. Yaxın vaxtlarda şəhər sakinləri 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq”.

        

  "Azərsu" ASC-nin sədrinin müavini İlqar Tağıyev bildirmişdir ki, kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması Səhmdar Cəmiyyətinin prioritet məqsədlərindəndir. Bu baxımdan mütəxəssislərin nəzəri və təcrübi biliklərinin artırılması mühüm əhəmiyyət kəsb edir: Azərsu” ASC-nin sifarişi ilə icra olunan layihələrdə ən son texnologiyalara uyğun avadanlıqlardan istifadə olunur. Bunları nəzərə alaraq Səhmdar Cəmiyyətdə kadr hazırlığı  və işə qəbul məsələlərinə diqqət artırılmışdır. Qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə mütəxəssislər  həm ölkə daxilində keçirilən təlimlərdə cəlb olunur, həm də xarici ölkələrdə keçirilən trenninqlərə göndərilir. Kadr hazırlığı işinin yüksək səviyyədə təşkil edilməsi üçün hazırda Bakı şəhərində yeni Təlim Mərkəzi inşa edilir. Bu mərkəz istifadəyə verilməklə təlim proqramlarının intensiv, çoxşaxəli,  keyfiyyətli şəkildə icra edilməsinə müsbət təsir göstərəcək”.

    “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov çıxış edərək bildirmişdir ki, respublikanın digər bölgələri kimi Mingəçevir şəhəri də sürətlə inkişaf edir. Şəhərin içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması bu inkişafa öz töhfəsini verəcəkdir: “Möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə böyük layihələr həyata keçirilir. Bu layihələrdə müasir texnologiyalar tətbiq olunur, ən yeni  avadanlıqlardan istifadə edilir. Yeni texnologiyalardan istifadə etmək üçün savadlı, bacarıqlı kadrlara ehtiyac yaranır. Bu gün həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına kömək edir”.

        

  "Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə isə bildirmişdir ki, "Regional Təlim-İnkişaf Proqramı-1” Səhmdar Cəmiyyətin həyata keçirdiyi layihələrin tərkib hissəsidir: “Ümumilikdə 7 regionda keçirləcək təlimlərə 1500 işçinin cəlb olunması nəzərdə tutulub. Bu günə qədər Quba, Lənkəran, Şamaxı və Gəncə şəhərlərində belə təlimlər keçirilmişdir. Bu gün isə Mingəçevir şəhərində növbəti təlimlərə start verilib. Bu təlimdə 9 rayondan 322 işçinin iştirakı nəzərdə tutulmuşdur”.

  Oktyabrın 25-dək davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər  "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər.

 Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur.