logo

Tələbələr üçün təşkil olunmuş "Yay məktəbi" proqramı başa çatmışdır


Yaradılıb: 29-09-2014 17:00

             

  “Azərsu” ASC-nin Bakı Dövlət Universiteti (BDU) və  Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə təhsil, elm, ixtisasartırma və əmək məşğulluğu sahəsində əməkdaşlıq müqavilələri çərçivəsində Səhmdar Cəmiyyətdə 2014-cü ildə təşkil olunmuş növbəti “Yay məktəbi” proqramı uğurla başa çatmışdır.  İki  ay davam edən proqram çərçivəsində BDU-nun  ekologiya və hidrologiya mühəndisliyi, AzMİU-nun mühəndis sistemi və qurğularının tikintisi mühəndisliyi ixtisası üzrə təhsil alan 35 nəfər 3-cü kurs tələbəsi  “Azərsu” ASC-nin müəssisə və təşkilatlarında istehsalat prosesləri ilə əyani tanış olmuşlar.

 Proqram çərçivəsində   “H.Z.Tağıyev  adına Su Kəmərləri” İdarəsinə, Ceyranbatan sutəmizləyici qurğular kompleksinə, Mərkəzi Laboratoriyaya, Zığ nasos stansiyasına və digər qurğulara səfərlər təşkil olunmuşdur. İstehsalat sahələrində tələbələrə  su kəmərlərinin qidalanma mənbəyi və nəql prosesləri, içməli suyun keyfiyyəti, içməli su və çirkab suların analizləri, həmçinin tullantı sularının kənarlaşdırılması məsələləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda tələbələr istehsalat prosesləri ilə əyani tanış olmuş, təcrübi biliklərini artırmaq imkanı qazanmışlar. Səfər çərçivəsində tələbələri müşayiət edən “Azərsu” ASC-nin mütəxəssisləri onları maraqlandıran sualları cavablandırılmışlar.

 İstehsalat sahələri ilə tanışlıq tələbələrdə böyük təəssürat yaratmış, onlar geniş təcrübi biliklərə yiyələnmişlər. Proqramdan əvvəl və sonra keçirilmiş qiymətləndirmənin nəticələri müqayisə edilmiş, istehsalat prosesləri ilə əyani tanışlığın tələbələrin bilik səviyyələrinə müsbət təsir etdiyi müəyyən olunmuşdur.

  Qeyd edək ki, mütəmadi  keçirilən “Yay məktəbi” proqramına BDU-nun və  AzMİU-nun yuxarı kurs tələbələri cəlb olunurlar. Universiteti müvəffəqiyyətlə başa vuran, həmçinin “Azərsu” ASC-nin “Yay məktəbi” proqramlarında fəal iştirak edərək yüksək nəticələr göstərmiş tələbələr gələcəkdə Səhmdar Cəmiyyətə işə qəbul olunmaq üçün geniş imkanlar qazanırlar.