logo

Su sayğaclarının sınağı laboratoriyası yaradılır


Yaradılıb: 24-09-2014 16:13

          

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara satılan içməli suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi və su itkilərinin qarşısının alınması məqsədilə sayğaclaşma işlərini intensiv şəkildə davam etdirir. 2012-ci ildən smart-kart sayğacların kütləvi şəkildə quraşdırılmasına başlanılmışdır. Bununla yanaşı, yerli sukanal idarələrinin  xidməti ərazilərinin sərhəd nöqtələrində iridiametrli sərfölçənlərin  quraşdırılması davam etdirilməkdədir.  

Sayğaclaşma işlərinin tətbiqi dairəsinin genişləndirilməsi ilə yanaşı, onlara mütəmadi texniki xidmət göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə “Azərsu” ASC tərəfindən Su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına  qərar verilmişdir.

Hazırda Su sayğaclarının sınağı laboratoriyasında son tamamlama işləri həyata keçirilir. Laboratoriya binası  su sayğaclarının sınağı, təmiri sahələrindən, anbar, inzibati və yardımçı hissələrdən ibarətdir. Laboratoriyada Türkiyə və Avropa ölkələrinin  istehsalı olan müasir cihaz və avadanlıqlar   quraşdırılmış, işçilərin fəaliyyəti üçün zəruri əmək şəraiti yaradılmışdır.

 Su sayğaclarının sınağı laboratoriyasında məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək. Yoxlama laboratoriyada quraşdırılmış xüsusi masalarda aparılacaqdır. Bu zaman müxtəlif sərfiyyatlarda su sayğacının xətası təyin ediləcək,  sayğacların texniki göstəricilərinə uyğun təzyiqə davamlılığı yoxlanılacaq. Laboratoriyada sayğacların testi, kalibrlənməsi, təzyiq itkisinin müəyyən edilməsi üçün də xüsusi masalar quraşdırılmışdır.  

   Su sayğaclarının testi və kalibrlənməsi masasında eyni vaxtda 22 ədəd su sayğacını yoxlamaq mümkün olacaqdır. Ümumilikdə ay ərzində laboratoriyada 2700 ədəd su sayğacını yoxlamadan keçirmək üçün imkanlar mövcuddur.  

     Laboratoriyada həmçinin  elektromaqnit- fləns tipli KROHNE və elekrtromaqnit-zond tipli ABB su sərfölçənlərinin sistemə quraşdırılmış mövcud sərfölçənlərlə müqayisə olunaraq yoxlanması mümkün olacaqdır.

     Qeyd edək ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təlimatına uyğun olaraq məişətdə istifadə olunan su sayğacları 5 ildə ən azı bir dəfə sənayedə istifadə olunan sayğaclarsa ildə bir dəfə yoxlamadan keçirilməlidir.

Laboratoriyanın təmir sahəsində isə sayğacların mexaniki və elektron hissələrinin yoxlanılması üçün xüsusi otaqlar yaradılmışdır. Nasaz vəziyyətdə olan sayğaclar burada təmir ediləcək, yoxlanıldıqdan sonra kalibrlənməsi üçün su sayğaclarının sınağı laboratoriyasına göndəriləcəkdir.

 Hazırda Su sayğaclarının sınağı laboratoriyası akkreditasiyadan keçmə mərhələsindədir. Bu prosedura başa çatdıqdan sonra laboratoriyada sayğacların yoxlanılması və təmiri işləri  həyata keçiriləcəkdir.