logo

Əmək haqqı və personalın idarəolunması modulu mövzusunda təlimlər keçirilir


Yaradılıb: 23-09-2014 14:28

          

   Azərsu” Açıq Səhmdar Cəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid istiqamətində tədbirləri davam etdirir. Hazırda  Səhmdar Cəmiyyətdə əmək haqqının hesablanması prosesi avtomatlaşdırılmış şəkildə 1C proqram təminatının əmək haqqının və personalın idarə edilməsi modulu vasitəsi ilə həyata keçirilir.

  Bu proqramdan istifadə prosesində yaranan çətinliklərin aradan qaldırılması və modulun təkmilləşdirilməsi məqsədi ilə işçilər mütəmadi olaraq təlimlərə cəlb edilir. 1C proqramından istifadə edən işçilərinin bilik və bacarıqlarının artırılması nəzərə alınaraq   “1C proqram təminatının əmək haqqı və personalın idarə edilməsi modulu” mövzusunda təlimlərə başlanılmışdır. Təlimlərdə Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin mühasibləri, personal  və əmək haqqı söbələrinin mütəxəssisləri  iştirak edir.

  Təlim müddətində iş vaxtı uçotunun tənzimlənməsi, artıq işlənmiş iş saatlarının qeydiyyatı və ödənilməsi, əmək haqqının hesablanılması sənədi, DSMF-yə təqdim edilən illik hesabatların sistemdən çıxarılması, məzuniyyət günlərinin hesablanması qaydaları və s. məsələlərlə bağlı ətraflı məlumat verilir. Eyni zamanda iştirakçılar praktiki məşğələlərə cəlb olunaraq bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanırlar.

  Qeyd edək ki, 01 yanvar 2012-ci il tarixindən “Azərsu” ASC-də mühasibat uçotunun Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən aparılması qərara alınmışdır. MHBS-ya keçidlə əlaqədar konsolidasiya sistemlərinin avtomatlaşdırılması üçün 1C proqramının tətbiqinə başlanılmış, metodoloji və təşkilati işlər həyata keçirilmişdir. Cəmiyyətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi istiqamətində   həyata keçirdiyi siyasət və atdığı addımlar nüfuzlu beynəlxalq təşkilatlar  tərəfindən  yüksək qiymətlən­dirilmişdir. 2012-ci ildə Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutu “Azərsu” ASC-ni Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidi uğurla aparan təşkilat nominasiyasında 1-ci yerə layiq görmüşdür.