logo

Neft strategiyasının real nəticələri su təchizatı sektorunda da müşahidə edilir


Yaradılıb: 19-09-2014 16:48

             

  Sentyabrın 20-də   tarixə “Əsrin müqaviləsi” kimi düşmüş Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasının 20 ili tamam olur. 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında 8 ölkədən  13 şirkətin imzaladığı  bu  müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açmışdır.

   Milli neft strategiyasının uğurla reallaşması nəticəsində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənir və Azərbaycanın  neft gəlirləri  sürətlə artır. 1999-cu ildə yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fondu Azərbaycan xalqına məxsus sərvətlərin nəsillər arasında ədalətli bölüşdürülməsini təmin edir, neft gəlirlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. İri infrastruktur layihələrindən olan  Samur-Abşeron suvarma sistemi, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi  Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilmişdir. Fondun vəsaitləri hesabına qaçqın və məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması, istedadlı gənclərin xarici ölkələrdə təhsil alması kimi tədbirlər yeni neft  strategiyasının əsasında insan amilinin dayandığını təsdiqləyir.

   Neft strategiyasının real nəticələri su təchizatı sektorunda müşahidə edilməkdədir. Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən, müstəqillik illərinin ən böyük yerli infrastruktur layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri Bakı şəhəri və Abşeron yarımadasının  yüksək keyfiyyətli içməli su ilə təminatında böyük rol oynayır.

Oğuz rayonu ərazisindən keyfiyyətli  suyun Bakıya nəqlini nəzərdə tutan layihə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşmişdir. Ulu öndər Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə Bakı şəhərinə yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularından istifadə ilə bağlı müvafiq göstəriş vermişdir. 2005-ci il sentyabrın 1-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə layihənin parametrləri müzakirə edilmiş və 2 il sonra -  2007-ci ilin martında tikinti işlərinə başlanılmışdır.

 Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr,  məhsuldarlığı saniyədə 5 kubmetrdir. Kəmər özaxımlıdır və şüşəlifli (GRP) borulardan çəkilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi Azərbaycan Respublikası Dövlət Neft Fondu hesabına maliyyələşdirilmiş və bu məqsədlə ümumilikdə 779,6 mln. manat vəsait ayrılmışdır. 28 dekabr 2010-cu il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.

    Hazırda kəmərlə Bakı şəhərinə  kəmərin layihə gücü həcmində, yəni saniyədə 5 kubmetr su verilir. Bu mənbə hesabına paytaxtın  Yasamal və Nəsimi rayonları bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsi, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsi içməli su ilə təmin edilir.

  Ölkəmizin artan gəlirləri  respublikada içməli su  və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına böyük  imkanlar yaratmışdır. Hazırda Bakı şəhəri və bütövlükdə Abşeron yarımadası ilə yanaşı regionlarda 38 şəhərdə içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri icra olunur. Bu layihələr eyni zamanda həmin şəhərlərin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndin içməli su təchizatına hesablanmışdır. 38 şəhəri əhatə edən layihələrin 17-si  dövlət büdcəsi vəsaiti hesabına icra edilir. Azərbaycanın iqtisadi imkanlarını və reytinqini yüksək qiymətləndirən beynəlxalq maliyyə qurumları su təchizatı və kanalizasiya sektoruna vəsait ayırmağa maraq göstərir və bunun nəticəsidir ki,  21 şəhərdə icra olunan layihələrin maliyyələşdirilməsində beynəlxalq maliyyə təşkilatları  yaxından iştirak edir. Su və kanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində Azərbaycan hökuməti Dünya Bankı, Asiya İnkişaf  Bankı, İslam İnkişaf  Bankı, Almaniyanın KFW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu ilə əməkdaşlıq edilir.

   Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Abşeron yarımadasında su və kanalizasiya layihələrinin icrası davam etdirilir. Yarımadanın su təchizatı sisteminə qoşulmayan və su təminatı zəif olan qəsəbələrini su ilə təmin edən Ceyranbatan-Balaxanı-Qala magistral su kəməri qısa müddətdə tikilərək istifadəyə verilmişdir. Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan qəsəbələr əsas götürülməklə Bakı şəhəri və qəsəbələrdə yeni magistral və paylayıcı su xətləri çəkilmiş,  çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, smart-kart tipli su sayğacı quraşdırılması təmin edilmiş və hazırda bu istiqamətdə layihələrin icrası davam etdirilir.

   Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, ultrasüzgəc texnologiyasının son nailiyyətlərinə əsaslanan, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir.

  Bakı şəhərində və ətraf qəsəbələrdə yaranan tullantı sularının idarə olunması üçün yeni kanalizasiya şəbəkələri və kollektorlar tikilir. Yarımada ərazisində yaranan çirkab suların özüaxımlı rejimdə çirkab sutəmizləyici qurğulara ötürülməsini təmin etmək  məqsədi ilə ümumi uzunluğu 140 km olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılmışdır.   Azərbaycanın artan gəlirləri hesabına su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ölkə iqtisadiyyatının inkişafına töhfələr verməklə yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.